Təhsil almaq hər bir insanın hüququdur. Ancaq bəzi insanlar uşaqlıqdan bu hüquqlarından məhrum qalırlar. Məsələn, küçələrdə tez-tez dilənçiliklə məşğul olan uşaqlara rast gəlirik. Təəsüflər olsun ki, onlar məktəb partasının arxasında oturmalı olduqları vaxtlarda küçələrdə dilənirlər.
Bu hal təbii ki, onların həm psixologiyasına, həm də təhsilinə təsir edir, əlavə olaraq hüquqlarının pozulmasına səbəb olur.
Dilənçiliyin uşaqlar üzərindəki psixoloji fəsadları
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Bizim.Media-ya açıqlamasında bildirib ki, hər hansı bir uşağın küçədə dilənməsinin səbəbi təkcə sosial amillər deyil, həm də ailədəki ümumi psixoloji vəziyyətdir.
O deyir ki, ailənin hədəfində uşağın gələcək təhsili yoxdursa, əlbəttə, onu dilənməyə məcbur edirlər:
“Belə halın uşağın gələcəyinə mənfi təsirləri odur ki, onlar təhsildən kənar olacaqlar, hədəfləri məqsədləri olmayacaq, önlərini görə bilməyəcəklər. O uşaqlar tez böyüməyə məcbur olurlar. Psixoloji olaraq da çox sarsıntılı, narahat, həyəcanlı olurlar. Əlbəttə, onların dünyagörüşləri dar olsa da, küçə həyatıyla bağlı hər şeyi çox yaxşı bilirlər. Ancaq bildikləri onların psixoloji yaşlarına uyğun olmur”.
Azyaşlıların təhsil hüquqlarının pozulmasına kim nəzarət edir?
Təhsil eksperti Elşən Qafarov isə məsələyə həm təhsil, həm də azyaşlıların hüquqlarının pozulması mövqeyindən yanaşıb:
“İstənilən halda bir şəxsin təhsilə cəlb olunmasıyla bağlı məsuliyyəti rayon icra hakimiyyətləri yanında humanitar şöbələr daşıyır. Həmin şöbələrin yanında yeniyetmələrlə iş komissiyası olur. Həmçinin, hər rayon üzrə polis idarəsində yetkinlik yaşına çatmayanlar üzrə xüsusi şöbə var.
Düşünürəm ki, həmin humanitar şöbənin və rayon üzrə polis idarəsinin əməkdaşlarıyla birgə reydlər keçirilməlidir”.
Ekspert qeyd edib ki, dilənən uşaqlar aşkarlanmalı, buna yol verən valideynlərdən alınıb dövlət müəssisəsinə verilməlidir ki, təhsilə cəlb olunsunlar.
“Təklif edirəm ki, icra hakimiyyətləri yanında humanitar şöbələr daha aktiv işləsinlər”.
Çox vaxt dilənən uşaqlar tək olmurlar, onların yanında valideynləri və yaxud onlarla birgə dilənən digər şəxslər də olur. Bəs əgər onlar azyaşlıları məcbur diləndirirlərsə, onları hansı hüquqi tədbirlər gözləyir?
Bu məsələ hansı qanunlarla tənzimlənir?
Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında ilk olaraq azyaşlıların dilənçiliyə cəlb olunması hallarının daha da artdığını vurğulayıb:
“Uşaqlar bəzən bunu müstəqil şəkildə, bəzən isə yanında kimsə olanda edir. Azərbaycan Respublikasının Qanunvericiliyində yetkinlik yaşına çatmayanların məcburi əməyə cəlb olunmasıyla bağlı cəza tədbiri nəzərdə tutulub.
Məcburi əmək insan alverinin bir növüdür. Hətta Avropa Konvensiyasında 4-cü maddə məcburi əməyin qadağan olunmasıyla bağlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsinin 144-2.2.3 maddəsində yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb ediməsiylə bağlı hüquqi tədbirlər bu maddədə əks olunub. Burada günahkar olan şəxsin 7 ildən 10 ilə qədər müddətdə azadlıqdan məhrum olunması cəzası nəzərdə tutulub.
144-2.3 maddəsində isə göstərilir ki, əgər uşağın səhhətinə zərər dəyibsə, həyatını itiribsə, bu cəza 9 ildən 12 ilə qədər azadlıqdan məhrum olma olaraq artır.
Uşağın yanında olanın həqiqətən valideyni olub-olmadığını bilmirik. Bəzən onların təşkilatçısı olduğunu belə düşünürük. Bu hallarla mübarizə aparmaq, qarşısını almaq, həm hüquqi , həm də sosial müstəvidə tədbirlər görmək lazımdır”.
Müsahibimiz bu hallarla bağlı qanunvericiliyə yeni məzmunlu maddə əlavə olunmasını təklif edib:
“Qanunvericiliyə belə bir maddə də əlavə etmək lazımdır ki, uşağı şirnikləndirməklə, ona vədlər verib diləndirməklə bağlı tətbiq olunacaq məsuliyyətlər artırılmalıdır. Burada valideyn məcbur edirsə, məsələ daha da qəlizləşir. Çünki onsuz maddi vəziyyəti az olan valideyni təzədən inzibati qaydada cərimələməklə, həbs etməklə uşaq heç nə əldə etmir, əksinə, valideynini itiririr. Buna görə də burada bir az həssas olmaq, valideyni və ya digər belə şəxsləri ictimai işlərlə cəzalandırmaq lazımdır ki, məcburi əməyin nə olduğunu başa düşsünlər.
Bəzən bu imkansızlıqdan edilir.
Buna görə də aztəminatlı ailələr üçün sosial proqramlar yaradılmalı, uşaq pulu verilməli , işsizlik aradan qaldırılmalıdır. Amma əgər valideyn maddi ehtiyacı olmadığı halda uşağı diləndirirsə, dövlət həmin uşaq onun əlindən almalıdır. Ailə Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulub ki, əgər valideyn tərəfindən uşağın sağlamlığı üçün hər hansı bir təhlükə yaradılırsa, rayon şəhər icra hakimiyyəti həmin uşağı valideynin əlindən ala bilər. İstənilən qanunun, uşaq hüququ pozuntusunun səbəbi araşdırılmalı, aradan qaldırılmalıdır”.
Əsabəli Mustafayevin fikrincə, müəyyən yüngül cəzalar tətbiq etməklə uşaqların dilənməsiylə mübarizəni gücləndirmək olar:
“Uşaqları dilənməyə məcbur edən və ya onu buna şirnikləndirənlərin hər birini insan alveriylə bağlasaq, həddindən çox insan ağır cəzalarla həbsxanaya gedəcək. Hesab edirəm ki, bu da düzgün deyil, humanizmdən kənardır. Həmçinin bu istənilən nəticəni verməyəcək”.
Nəzrin Mirzəyeva, Bizim.Media