“Biz minatəmizləmə sahəsində təhsil və ixtisaslaşma sahəsinə təşviqi artırmalıyıq. Çünki minatəmizləmə riskli sahədir və hər kəs bu sahəyə maraq göstərməyə bilər. Ona görə də ali təhsil müəssisələrində ixtisaslaşma sahəsində dövlətin təşviq mexanizmlərini düşünməliyik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa parlamentin oktyabrın 22-də keçirilən iclasındakı çıxışı zamanı deyib.
O bildirib ki, qanun layihəsi təkcə Azərbaycan ərazisində minatəmizləyənlərə şamil olunmamalıdır:
“Beynəlxalq səviyyədə də mandat almış nümayəndələr başqa ölkələrdə bu prosesi həyata keçirir və keçirə bilərlər. Bundan başqa, zərərçəkmişlərin dəstəyi məsələsinə maddi dəstək də öz əksini tapmalıdır. Yəni təkcə tibbi yardım yox, maliyyə dəstəyi də qeyd olunmalıdır”.
Bundan başqa deputat qanun layihəsində güzəştli ipoteka məsələsinin də yer almasının tərəfdarı olduğunu qeyd edib.
Günay Şahmar, Bizim.Media