Əlinin Vətən anlayışı Birinci Qarabağ müharibəsinin şəhidi olan dayısı, baş leytenant Azər Əsədullayevin fotolarına baxaraq formalaşıb. Astara rayonun Maşxan kəndindəki şəhid bulağı indi məhz bu dayı-bacıoğlunun adını daşıyır...
Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1999-2010-cu illərdə kənd tam orta məktəbində təhsil alıb, Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub. Həqiqi hərbi xidmət illərində isə kəşfiyyatçı olaraq yetişir.
Ailəsi onun hərbi xidmətdə məhz kəşfiyyatçı olduğunu sonralar bilir.
Hərbi xidmət illərindən sonra Bakıda işləyən Əli erməni təxribatlarının atrdığı vaxtlarda Astaraya qayıdır. Atası Bəyoğlan Cəfərov deyir ki, Əli uşaqlıqdan çox sakit olsa da, hissiyatlı idi.
"Rusiyaya iş dalınca gedəndə istər ermənilər, istər ruslar bizə rişxəndlə baxırdılar. Hardasa başımızı aşağı salırdıq. Təsəllim odur ki, Əli kimi balalarımız başımızı uca etdilər. Müharibə dövründə deyirdi ki, narahat olmayın, mən arxadayam. Onun şəhid olduğu Suqovşanda oldum. Onun necə döyüşdüyü gözümün önünə gəldi. Döyüş yoldaşları onun bir addım belə geri çəkilmədiyindən çox danışıblar”.
Şəhid Əli Cəfərovun bacısı Təhminə xanım deyir ki, Əli beş bacının bir qardaşı idi:
"Müharibə başlayanda dedik ki, aparmazlar Əlini, tək oğlandır. Amma hələ Tovuz hadisələri zamanı dostuyla birlikdə könüllü kimi qeydiyyatdan keçibmiş. Heç kimə də bunu bildirməyib. Müharibənin ilk günlərində aparmadılar onu. Kəndə şəhid gəlmişdi, evdən çıxıb şəhidi qarşılamağa getdi. Qayıtdıqdan sonra nə etdisə, onu artıq orduya çağırdılar. "
Doğmalarının belə nə qədər peşəkar kəşfiyyatçı olduğunu bilmədikləri Əli Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumlarının qurucularından olur. Amma evlə hər əlaqəsində cəbhə bölgəsində olmadığını bildirir.
Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərir. Xüsusi ilə Murovdağ 3340 yükəkliyinin, Ağdərə şəhərinə giriş üçün açar rolunu oynayan 530, 457, 951 yüksəkliklərinin alınmasında böyük qəhrəmanlıq göstərir. Noyabrın 4-də Suqovuşan istiqamətində 854 yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə kəşfiyyatçı Əli Bəyulla oğlu Cəfərovun olduğu dəstə çoxsaylı erməni qrupu ilə qarşılaşır.
"Bir addım da geriyə yol yoxdur" deyən Əli burada şəhadətə ucalır.
Göstərdiyi qəhrəmanlığa görə Əli Bəyulla oğlu Cəfərov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Namərd erməni snayperinin atəşi ilə şəhid olmuş dayısının qisasını alan Əlinin bu gün vətən sevgisini davam etdirən bir bacısı oğlu hazırda peşəkar hərb elmini yiyələnməyi seçib.
Qarabağ müharibəsinin ilk illərində 6 şəhid, 44 günlük müharibədə isə 3 şəhid verən Maşxan kəndinin sakinləri Əli və Azərin adına bulağın qarşısında tez-tez ayaq saxlayırlar. Məhz bu bulaq Vətən uğrunda müharibənin bütün dövrlərini onlar üçün birləşdirən şirin sulu və həzin xatirəli tarixin özüdür.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 22.10.2024
Dayısının qisasını aldı, “geriyə yol yoxdur” deyib şəhid oldu – Əli Cəfərovun DÖYÜŞ YOLU – FOTO
Hazırda oxunan: Dayısının qisasını aldı, “geriyə yol yoxdur” deyib şəhid oldu – Əli Cəfərovun DÖYÜŞ YOLU – FOTO
Hazırda oxunan: Dayısının qisasını aldı, “geriyə yol yoxdur” deyib şəhid oldu – Əli Cəfərovun DÖYÜŞ YOLU – FOTO
217106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.