Günlərdir maliyyə qalmaqalı ilə gündəmi zəbt edən “Space” telekanalının əməkdaşları uzun zamandan sonra maaş alacaqlar.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, kanalın əməkdaşlarına 3-4 gün ərzində maaş alacaqları barədə söz verilib. Gizli mənbənin verdiyi məlumata görə, hazırda işçilər 9 ay ala bilmədikləri maaşın hesaba köçəcəyi günü səbirsizliklə gözləyirlər.
Lakin məvacib ancaq bir ay üçün nəzərdə tutulan məbləğ olacaq. Yəni işçilər may ayında 2020-ci ilin sentyabr ayı üçün heablanmış məbləği ala biləcəklər. Kanalda vəziyyət o qədər acınacaqlıdır ki, bəzi əməkdaşlar vəd edilən vaxtda maaşın verilməsinə möcüzə kimi də baxırlar.
MÖVZU İLƏ BAĞLI:
“Space”də ETİRAZ - Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!
Mənbə bildirir ki, kanalın əməkdaşları ən son avqust üçün nəzərdə tutulan maaşı aprel ayında alıblar. Lakin elə işçilər də var ki, heç 2020-ci ilin iyun ayının məvacibini almayıblar.
Bütün bunlara baxmayaraq, kanalda elə işçilər də var ki, həm Vaqif Mustafayevin idarəçiliyi dövründə, həm də hazırda hər ay maaş alır. Bu əsasən “Space”də rəhbər və aparıcı vəzifələrində çalışan şəxslərdir.
Mənbə qeyd edir ki, Vaqif Mustafayevin keçmiş ANS telekanalından gələn kadrlara xüsusi hörməti var idi. O, əməkdaşlar xüsusi işçilər sayılırdı və hər zaman vaxtında aylıq məvaciblərini alırdılar. Digər işçilər aylarla maaş gözləyəndə seçilmişlər hər ay evlərinə pul apara bilirdilər.
Sonda mənbə bildirib ki, aylarla maaş ala biməyən “Space” əməkdaşları ümidlə 3-4 günün bitməsini gözləyir.
Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.
Onu kanalda müvəqqəti olaraq, Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin 5 gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib.
Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı, yenə müvəqqəti olaraq, Kamil Şahverdiyev idarə edir.
Vüsalə Balayeva, Bizim.Media