Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Bakının Xətai rayonu, Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi baş verib.
Sakinlər yerli mətbuata sürüşmənin baş verməsinə hündürlükdə çoxsaylı evlərin tikilməsi və onların da torpağın yüklənməsinə səbəb olduğunu bildirirlər.
Məsələyə münasibət bildiriən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev isə son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçmasının sürüşməyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Bakıda baş verən sürüşmənin SƏBƏBİ AÇIQLANDI
O, ərazidə ciddi təhlükənin olmadığı deysə də, sakinlər gələcəkdə daha ciddi fəsadlar olacağından narahatdırlar. Xatırlatmaq yerinə düşər ki, Bakının Səbail rayonunda yerləşən Bayıl yamacında bir neçə il öncə baş verən sürüşmə hadisəsinə görə əhali həmin ərazidən köçürülüb. Gəncə prospektində yaşayan sakinlərin də eyni aqibəti yaşamamaq üçün narahatlıqları başadüşüləndir.
Maraqlı məqamlardan biri isə odur ki, sözügedən ərazi Bakının sürüşmə zonalarına aiddir. Öz həyatını təhlükəyə atan sakinlərlə yanaşı müvafiq qurumlar daha çox günahkardırlar. Çünki qanunları icra edən, onlara riayət etmək məsuliyyəti birbaşa onların üzərindədir.
Bakıda sürüşmə zonasında ev inşa etməyə kim icazə verir? Xətai Rayon İcra Hakimiyyəti sürüşmə zonasında ev tikilən zaman sakinlərə niyə məhdudiyyət qoymayıb?
Məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, həmin ərazilərdə fərdi yaşayış evlərinin tikintisinə icazə verilmir:
“Orda bir çox mənzillərin heç bir çıxarışı mövcud deyil. Sadəcə, rayon icra hakimiyyəti qurumlarının göz yumması nəticəsində həmin ərazilərdə fərdi yaşayış evləri tikilib. Bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli 56 nömrəli qərarı da var.
Bakı şəhəri və Abşeron yarımadasında digər ərazidə aparılan tədqiqat nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlarla əks olunan xəritə var. Orda da birbaşa olaraq tikinti aparılması məhdudlaşdırılan ərazilər Gəncə prospekti və Şıxlinski küçəsi yer alıb. Yəni hər iki küçənin sərhədi, sözügedən ərazi həmin sürüşmə zonasının tikintisini qadağan edən ərazi hesab olunur”.
O bildirib ki, orda torpaq sürüşmələri 1990-cı illərdən baş verib:
“İllər boyu o ərazidə sürüşmənin olduğu gün kimi aydın idi. Hələ həmin illərdə orda demək olar ki, heç bir ev yox idi. Bir neçə dəfə ora yaxın ərazidə yerləşən 191 saylı məktəb də təhlükə qarşısında qalmışdı. Çünki torpaqlar o məktəbin düz divarına qədər gəlirdi. Sonradan müəyyən texnikalar vasitəsilə torpaqlar təmizlənirdi.
1998-ci ildən etibarən ora tədricən qaraj, bağ sahələri kimi əhali tərəfindən tutulub istifadə edilməyə başlanıldı. Sonradan həmin bağ sahələri fərdi yaşayış evləri və ya müəyyən tikililərə çevrildi. 2004-cü ildən sonra isə kütləvi hal almağa başladı. Sonra fəsadlar göründü və sürüşmə daha da süətləndi. 2010-cu ildən sonra bu proses təhlükəli hal almağa başladı”.
Ekspert hesab edir ki, belə ərazilərdə evlərin tikilməsində həm icra hakimiyyəti, həm də bələdiyyələrin günahı var:
“Həm icra hakimiyyəti qurumları, həm bələdiyyələr (bələdiyyələr təbii ki, özbaşına deyil) qeyri-qanuni şəkildə torpaq satmağa başladılar. Müvafiq icra hakimiyyəti orqanları da tikililərə göz yummağa başladı. O evlərin heç birinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı yoxdur. Çünki ora sürüşmə zonasıdır, ev tikməyə məhdudiyyət var. Sadəcə, özbaşına tikililərdir, rayon icra hakimiyyəti, müvafiq icra qurumları, eləcə də əvvəldən Bakı Şəhər İcra Hakimiyyəti sadəcə göz yumublar.
Vətəndaşlar özləri də bilir ki, ora sürüşmə zonasıdır və orda tikinti həyata keçirmək olmaz. Hətta orda məhkəmə mübahisə predmetinə çevrilən evlər də var. Orda mənzil üçün vətəndaş 100 min manatdan artıq xərc çəkirsə, onun satışını həmin qiymətdən baha həyata keçirməsi mümkün deyil”.
Qeyd edək ki, məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov mətbuata açıqlamasında bildirib ki, hadisə yerinə mütəxəssislər göndəriləcək və araşdırmalardan sonra məlumat veriləcək.
Günay Şahmar, Bizim.Media