Oktyabrın 18-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-ə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilib. Bundan başqa, "SƏSTV" MMC-ə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-ə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatmışdır. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.
Bizim.Media