Son zamanlar dönərdən kütləvi zəhərlənmə halları artıb. Belə ki, may ayında Zaqatalada “Şef dönər” iaşə obyektində 34 nəfər, bir həftə əvvəl Qazaxda, Bakı Dövlət Universitetinin filialının bufetində 18 tələbə, bu gün isə Tovuzda 21 nəfər bu qidadan zəhərlənib.
Az qala hər addımda təklif olunan və qiymət baxımından hər kəsin büdcəsinə uyğun olan dönər niyə zəhərə çevrilib? Kütləvi zəhərlənmələrin səbəbi nədir?
MÖVZU İLƏ BAĞLI:
Tovuzda dönərdən zəhərlənən 21 nəfərin vəziyyəti necədir? - RƏSMİ CAVAB
Qida eksperti Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, bunun səbəbi yalnız ətin keyfiyyətli olub-olmaması deyil:
“Dönərdən zəhərlənmə təkcə ətin keyfiyyəti ilə bağlı deyil. Burda sanitar-gigiyena qaydalarına əməl olunması da mühüm rol oynayır. Eyni zamanda dönərin tərkibinə vurulan inqridentlərin, ketçup, mayonezin saxlanılması da önəm daşıyır. Bu ərzaqlar soyuq yerdə, aşağı temperaturda saxlanılmalıdır. Çünki onlar səhərdən axşama qədər dönər bişirilən yerdə, isti temperaturda qalır. Bəzən onları böyük qablarda alırlar. O məhsulların istifadə müddəti bitmiş də ola bilər. Bu məsələlərə diqqət olunmadıqda zəhərlənmə baş verə bilər”.
Mütəxəssis deyir ki, dönərdə istifadə olunan tərəvəzlərin təmiz yuyulmaması da fəsad yaradır:
"Əgər göyərtilər, pomidor, xiyar təmiz yuyulmazsa, üzərində torpaq, yaxud onların yetişdirilməsində istifadə edilən gübrələr, kimyəvi maddələr, pesdisidlər qalarsa, bu da zəhərlənmə yaradır”.
Tovuzdakı zəhərlənmənin konkret səbəbinə gəlincə, mütəxəssis bunun AQTA-nın apardığı araşdırma və analizlərin nəticəsində bilinəcəyini vurğulayıb.
O, istehlakçılara bacardıqları qədər bu qidalardan uzaq durmağı tövsiyə edib:
“Dönərin qiyməti yüksək olmadığı üçün onu çox adam alır. Nə qədər maarifləndirmə işi aparılsa da, insanlar bu qidaya çox üstünlük verirlər. Halbuki aidiyyatı qurumun açıqladığı nəticələrə də baxsaq, görərik ki, dönərxanalarda vəziyyət də heç ürəkaçan deyil. Ötən ilin avqustunda aparılan monitorinqin nəticəsinə görə, 310 müəssisədən götürülən nümunələrdən yalnız birində vəziyyət qənaətbəxş idi.
Digərlərində isə qanunauyğunsuzluqlar aşkarlandı. Bəzilərində ət keyfiyyətsiz olub, bəzilərində E.Coli bakteriyası ilə yanaşı, digər bakteriyalar tapılıb. Bəzilərində məhsulun üzərinə "mal əti" yazılsa da, tərkibində toyuq ətinin DNT-si aşkarlanıb. Yəni fərqli-fərqli uyğunsuzluqlar olmaqla yanaşı, əksəriyyətində sanitar-gigiyena qaydalarına əməl olunmaması göstərilib. Bu səbəbdən istehlakçılar da diqqətli olmalıdırlar”.
“Alıcı satılan dönərin keyfiyyətli olub-olmadığını necə təyin edə bilər” sualına isə ekspert belə cavab verib:
“İstehlakçı onu mənşəyi bəlli olan satış yerindən əldə etməlidir. Ət zülal mənşəlidir, yüksək risk qrupundadır, o bişirilib saatlarla saxlanılırsa, yararsız ola bilər. Çünki onun nə zaman bişirildiyi bəlli deyil. Adətən, günorta növbələrində satışa hazır olsun deyə, ətin üstü ütülür, içi isə çiy qalır.
Təbii ki, belə ətin tərkibində bakteriya varsa, o yüksək atəşdə, doğru şəkildə bişəndə məhv ola bilər. Təəssüf ki, çox yerdə doğru bişirilmir. Buna görə mənşəyi bəlli olmayan, doğru şəkildə bişirildiyinə əmin olmadıqları qidanı almamalıdırlar. Sözsüz ki, onun keyfiyyətinə ilk olaraq əlaqədar qurumlar cavabdehdir.
Amma istehlakçı da diqqətli olmalıdır. Ətin baytarlıq nəzarətinin, aidiyyatı qurumdan sertifikatının olub-olmamasını dəqiqləşdirməlidir. Ən azından, orda olan ərzaqların saxlanılmasına, sanitar epidemioloji qaydalara əməl olunub-olunmamasına diqqət eləməlidir.
Ümumiyyətlə, sağlamlığına dəyər verən insanlar bu qidalardan uzaq durmalıdırlar. Çünki mənşəyi bəlli olmayan qida ölümə gətirirb çıxara bilər. Özəlliklə immunsistemi aşağı olanlar, azyaşlılar, yaşlı insanlar, hansısa xəstəliyi olanlarda onun fəsadı daha tez özünü göstərir. Elə insanlar bu qidanı almasalar, daha yaxşı olar”.
Rəna Cumaqızı, Bizim.Media