Tanınmış Azərbaycan şairi Tofiq Bayramın ən məşhur şeirlərindən biri olan “Qadın ürəyi” ilə bağlı iddialar yayılıb. Belə ki, sosial şəbəkədə mərhum şairin bu şerinin plagiat olduğu bildirilir.
Tofiq Bayram şeiri "özününküləşdirib"
Paylaşımda qeyd olunur: “Təxminən bir il olar ki,
rəhmətlik Sayad Abulovanın qızı Məlahət xanım zəng vurub bu barədə məlumat verir. Dönə-dönə iddia edir ki, bu, belədir. Anası sağlığında nə qədər mübarizə apardısa da, nəticəsi olmayıb. Məlahət xanımın dediyinə görə, Tofiq Bayram "Ulduz" jurnalında şöbə müdiri işlədiyi vaxt Sayad Abulova şeirlərini ora göndərib. Sonralar həmin şeirlərdən bir neçəsinin Tofiq Bayramın kitabına salındığını öyrənib. Hətta birinə mahnı da bəstələnib. Sayad Abulovaya və qızına əsas yer eləyən də elə bu olub.
Əvvəlcə elə bildik ki, Tofiq Bayramın kitabını hazırlayanlar təsadüfən, yaxud səhvən həmin şeirləri də kitaba daxil ediblər. Sonralar nə üzə çıxdı? Sayad Abulovanın şeiri 7, kitaba salınan şeir isə 8 bənddən ibarətdir. 7 ilk bənd eynidir, səkkizinci bənd isə əlavə olunub. Həm də 8-ci bənddə Tofiq Bayram möhürbəndini vurub. Bu da belə düşünməyə əsas verir ki, Tofiq Bayram şeiri "özününküləşdirib".
“Üzr istəməlidir”
İndi hər ikisi haqq dünyasındadır. Məlahət xanım təsəlli tapsın deyə Tofiq Bayramın nəslindən kimsə ortaya çıxıb ondan heç olmasa, üzr istəməlidir. Məndən olsa, narahatlığa son qoyulsa, yaxşıdır. (Əlbəttə, yekun nəticəni mütəxəssislər araşdırdıqdan sonra söyləmək olar) Sayad Abulova – İbrahimqızı 4 il əvvəl dünyasını dəyişib.
Sağlığında özü, hazırda isə qızı Məlahət Kərimova şair Tofiq Bayramın kitablarında yer almış “Qadın ürəyi” şeirinin ona, yəni anasına məxsusluğunu iddia edir. Bu məsələnin çözülməsi məqsədi ilə Məlahət xanım Mədəniyyət Nazirliyinə rəsmən müraciət edib. Aldığı cavabda Müəllif Hüquqları Agentliyinə müraciət etməsi tövsiyə olunub".
Sözügedən iddialarla bağlı Tofiq Bayramın bacısı, eyni zamanda şairin yaradıcılığını araşdıran tədqiqatçı Svetlana Bayramova ilə həmsöhbət olduq.
Svetlana xanım Bizim.Media-ya sözügedən paylaşımdakı ittihamların əsassız və yalan olduğunu bildirib:
“Öncə onu deyim ki, bu şeir 1971-ci ildə yazılıb. O xanım isə iddia edir ki, guya 1959-cu ildə yazıb.
İkincisi, bu şeri oxuyanda onun bir kişinin dilindən yazıldığı o dəqiqə anlaşılır:
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz,
Qədrini biləndə bu cahanda biz
Həmişə cavandır qadın ürəyi.
Bu sözləri necə qadın yaza bilər axı?! Bu şeir başdan-ayağa kişinin qadına olan hisslərinin məcmusudur.
“O şeir bir qadına həsr olunub”
Üçüncüsü də, bu şeir konkret bir nəfərə həsr olunub. O vaxt qardaşım rəhmətlik bunu kitabında da qeyd edib: “Mən o qadının kim olduğunu da bilirəm, Aliyə Qurbanova. Yəni bu da bir fakt”.
Svetlana Bayramova Tofiq Bayrama qarşı belə bir ittihamın səsləndirilməsini şairin ruhuna sayğısızlıq hesab edir:
“Əmindirsə, müraciət etsin!”
“Bu nə biabırçılıqdır?! “Qadın ürəyi” qədər Tofiqin üslubunu göstərən ikinci bir şeir çətin tapılar. Bu şeir başdan-ayağa Tofiq Bayramın dəst-xəttini, yaradıcılığını ifadə edir, onun üslubudur. Azərbaycanda müəllif hüquqlarını qoruyan qurum var. Əgər bu xanım dediklərində əmindirsə, qoy o idarəyə müraciət eləsin”.
Svetlana xanım söhbət əsnasında həmin şerlə bağlı bir xatirəni də yada saldı:
“Mən Xarici Dillər İnstitutunda Arif Babayevin baldızı ilə bir yerdə oxumuşam. 72-ci ildə biz praktikada olanda Arif müəllim məktəbə gəlmişdiı. Söhbət əsnasında mənə dedi ki, Tofiqin “Qadın ürəyi” şeririni dövlət konserti üçün “Rast” muğamı üstündə oxumaq istəyirəm. Üstündən bir neçə gün keçdi, bir də rastlaşdıq. Onda dedi ki, mənə o şeiri oxumağa icazə vermədilər. Səbəbini soruşdum. Dedi ki, həmin şeirdə “qansız” sözü var deyə, oxumağa qoymadılar.
Bilirsiniz də, o vaxt sovet dövrü idi. Ona görə Arif Babayevə deyiblər ki, ya o sözü dəyiş oxu, ya da ümumiyyətlə, o şeri oxuma. Arif də deyib ki, mən şairin sözlərinə müdaxilə edə bilmərəm. Deməyim odur, o şeir onda 1 il idi yazılmışdı. Allaha şükür, Arif həyatdadır, sözümü o da təsdiq edə bilər”.
“Başqa şeirlərini də ortaya çıxarsınlar, müqayisə edək”
“Bu, adi şeir deyil, manifestdir. Tofiqin ən gözəl əsərlərindən biridir” deyən Svetlana Bayramova bu əsassız ittihamı qaldıranları məhkəmə verəcəyini də qeyd etdi:
“O xanım əgər belə şeirlər yazandırsa, qoy onun başqa şeirlərini də ortaya çıxarsınlar, müqayisə edək, nə çətin məsələdir ki?.. Adam faktla danışar, nağıl oxumaz! Bu şeir cilalanmış gözəl bir əsərdir. Onu necə belə mənimsəmək, müəllifini qaralamaq olar. O vaxt publisist, jurnalist Qulam Məmmədli deyirdi ki, dünyanın 7 möcüzəsi var, 8-ci möcüzəsi isə Tofiqin şerləridir. Bu cür nəhəng şair haqda belə qərəzli bir şey necə yazmaq olar, anlamıram! Bu cinayətdir! Belə ədalətsizlik, haqsızlıq olmaz!”
O şerini də Nüsrətin adına yazdılar
Şairin bacısı onu da qeyd etdi ki, Tofiq Bayramla bağlı daha öncə də belə bir hal olub:
“Bir dəfə də Tofiqin “Ay gecikən məhəbbətim” şerini Nüsrət Kəsəmənlinin adına çıxmışdılar. Sonra etirazlar oldu ki, bu, Tofiq Bayramın şeridir. Nüsrət Kəsəmənli gözəl məhəbbət şairidir, mənim çox sevdiyim şairdir. Amma bu şeir onun deyildi. İndi də bu şerini başqasının adına çıxmağa çalışırlar. Bu boyda insafsızlıq olar?! O qədər bədii nümunələrin müəllifi, gözəl şerlər yazan Tofiq Bayram bu qədər aciz oldu ki, uzaq rayondan gələn bir qadının şerini öz adından versin?! Mən bu məsələni belə qoymayacam. O iddianı qaldıranları məhkəməyə verəcəm”.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 17.10.2024
Tofiq Bayram “Qadın ürəyi”ni OĞURLAYIB? – Şairin ailəsindən AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Tofiq Bayram “Qadın ürəyi”ni OĞURLAYIB? – Şairin ailəsindən AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Tofiq Bayram “Qadın ürəyi”ni OĞURLAYIB? – Şairin ailəsindən AÇIQLAMA – VİDEO
216350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.