“Mübarizi Vətənə qurban verdik, amma bu bizim vətən borcumuz idi. O, elə böyümüşdü ki, torpağı müdafiə etməkdən başqa yol görmürdü.”
Bu sözlər oğlu şəhidliyi ilə işğal buzunu əridən, özü isə bir şəhid atasının gerçək obrazını yaradan Ağakərim İbrahimova məxsusdur. Mübarizin yoxluğuna, Mübarizsiz illərə ürəyi tab gətirən Ağakərim kişinin qəlbi üzləşdiyi tibbi problemlərə rəğmən həm də Mübarizin qisası alınan günlərdə sinəsinə sığmırmış.
MÖVZU İLƏ BAĞLI:
Mübariz İbrahimovun atası VƏFAT ETDİ
Sən demə, ilk beş kəndimiz azad olunanda, Füzuli, Qubadlı azad olunanda, 30 ildə xaraba qoyulan Ağdama əsgərimizin çəkməsi dəyəndə yaşadığı sevincə ürəyi dözmürmüş.
O, Mübarizin seçdiyi yola, şəhidlik qərarına öz qərarı kimi baxırdı:
“Onun qərarı mənim qərarım idi, biz bu torpaqların oğluyuq və bu torpaqlar bizdən nə tələb edirsə, onu verməyə hazırıq”.
Mübarizin şəhidliyindən başlayaraq Xankəndinə bayraq sancılana qədər olan tarixə qızıl hərflərlə yazılmış illərdə bir şəhid atası kimi məhz o, bayrağımızın qələbəmizin simvolu kimi ucaldılacağına inandı, bizi də inadırdı. O şəhid atası kimi Mübarizdən sonra şəhadətə ucalan minlərlə qəhrəmanın atasına nümunə olmağı bacardı.
Ağakərim İbrahimov həm də xalqımız üçün bir simvol idi. O, sadə, amma qürurlu bir həyat sürdü.
Təvazökarlığını itirmədi...
“Bir oğul itirdim, 50 milyonluq doğma qazandım” deyirdi Ağakərim kişi. Milyonlara azərbaycanlının sevgisi, sayğısı idi bu illərdə onu ürəklə yaşadan.
Mübariz İbrahimovun sonuncu şəhidlik ildönümündə sadə kənd həyətində xatirə gününə gəlmiş adamların içində qəfildən gördüm ki, o, hamını unudub evinin damında yuva qurmuş qaranquşun uçuşuna baxır. Üzündə qəribə təbəssümlə qaranquşun gedişini, yuvaya sarı uçuş trayektoriyasını izləyirdi.
Bu gün o, da yuvasını tərk etdi. Mübarizin ruhuna qovuşmağa tələsən ruhunu biz görməsək də, hamımız duyuruq, hiss edirik. Və bu gün o ruh öz yuvasından birbaşa cənnətə, Mübarizin yanına ucaldı...
Sabutay, Bizim.Media, Cənub bürosu