16 oktyabr dünyada Qida Günü kimi qeyd edilir. 1954-cü ilin bu günündə BMT-nin Ərzaq və Kənd Təsərrrüfatı Təşkilatının (FAO) yaranıb. O vaxtdan bu yana 16 oktyabrda müxtəlif tədbirlər keçirilir və bütün dünyada ərzaq çatışmazlığının qarşısını almaq üçün dövlətləri və təşkilatları səmərəli əməkdaşlığa çağırılır.
Təbii ki, hər bir ölkə üçün qida təhlükəsizliyi prioritetdir. Eyni zamanda, qida təhlükəsizliyi üçün yerli istehsalın stimullaşdırılması da əsas vəzifə hesab edilir. Çox təəssüf ki, hazırda əhalimizin qidalanmasında idxalın payı yüksəkdir. Yalnız yumurta və quş ətinə tələbat əsasən yerli istehsal hesabına ödənilir.
Hətta ərzaqlıq buğdanın yarısını idxal edirik.
Burada digər məsələ isə əhalinin təhlikəsiz və keyfiyyətli qida ilə təminatı məsələsidir. Çox təəssüf ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.
MÖVZU İLƏ BAĞLI:
Bazar rəhbərlərinə ciddi XƏBƏRDARLIQ EDİLDİ
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Hippokratın “biz nə yeyiriksə oyuq” sözlərindən sitat gətirib:
“Böyük Hippokratın bu fikrini əsas kimi götürsək, onda görməliyik ki, Azərbaycan uzunömürlülər diyarıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə uzun insan ömrünə görə 190 ölkə arasında Azərbaycan 115-ci yerdədir. Bu da o deməkdir ki, uzunömürlülüyə görə biz 114 ölkədən geri qalırıq. Qidaya, tibbə əlçatanlığı aşağı olan bir çox ölkələr bizdən uzunömürlüdürlər.
Azərbaycan dünyanın az ölkələrindən biridir ki, apteklər həddən ziyadə çoxdur. Hətta bəzi qonşu ölkələrdə apteklər şənbə-bazar günləri işləmir. Amma bizdə günün istənilən saatında apteklərdə növbə var. Hələ xəstəxana və klinikalardakı növbələri demirik. O növbədə dayananlarsa potensial istehlakçı, qida qəbuledicisidir”.
Eyyub Hüseynov deyir ki, əgər biz zəhərlənmələrin statistikasını araşdırsaq, görərik ki, AQTA-nın saytında zəhərlənmələr ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir:
“Zəhərlənmələrdən ölüm sayına baxsaq, görərik ki, Azərbaycan ümumdünya göstəricisindən 70 dəfə geri qalır. Bu da o deməkdir ki, biz nəzəri cəhətdən çox sağlam qidalanırıq.
Bəs, onda niyə qazancımızın çox hissəsi dava-dərmana gedir?! Nə üçün qısa ömrümüzün çoxunu apteklərdə, xəstəxanalardakı növbələrdə keçiririk?! Unutmayaq ki, Azərbaycan dərman biznesinin çiçəkləndiyi ölkələrdən biridir. Bu da o deməkdir ki, qidalarımızda ciddi problem var.
AQTA qidanın təhlükəsizliyini təmin edir. Keyfiyyətə isə nəzarət edən yoxdur. Nəzərə alaq ki, keyfiyyətsiz qida həm də təhlükəli qidadır. Təhlükəli qida insanları bir anda, keyfiyyətsiz qida isə tədricən öldürür. Bu da o deməkdir ki, ölkədə istehlakçı siyasəti yox dərəcəsindədir””.
Müsahibimiz təəssüflə bildirib ki, “İstehlakçıların hüquqları haqqında” qanun 1995-ci ildə qəbul edilsə də son 30 ildə ona heç bir dəyişiklik edilməyib:
Surxay Atakişiyev, Bizim.Media