“Qadınlar və qızlar həyatda təbiətin onların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirirlər. Sudan istifadə də təbii ehtiyacdır. Dünyada olduğu kimi Azərbaycanda da sudan istifadə əlçatan və arzuolunan səviyyədə deyil. Ona görə də biz cəmiyyətləri və dövlətləri birləşdirib, bu istiqamətdə fəaliyyətimizə yönəltməliyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.
O, bildirib ki, suya ehtiyacı ödəmək, onu toplamaq, saxlamaq , səmərəli istifadə etmək bunlar niyəsə qadınların üzərinə qoyulub:
"Adətən, çiynində səhəng bulaqdan su gətirən qadının hansı ağrı çəkdiyini düşünmədən onun gözəlliyinə, boy-buxununa, bulağa getməsinə şeirlər qoşulub və biz də bunu təbii nümunə olduğunu qəbul etmişik.
Amma zaman dəyişir, inkişaf diqtəsini edir, bütün dünyada, o cümlədən, Azərbaycanda suya, qadının suyla yanaşı inkişafına münasibət dəyişməlidir. Ona görə də COP29 çərçivəsində qəbul ediləcək qərarlar, yaşıl iqtisadiyyatın dəstəklənməsi istiqamətində atılacaq addımlar bütün dünyada suya çıxışın hər kəsə əlçatan olması və bu kontekstdə gender bərabərliyinin qorunmasını önəmli edir".
Günay Şahmar, Bizim.Media