Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin, Nəsimi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb .
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd "F-1" əl qumbarası, bir ədəd UZRQM partladıcısı, 29 ədəd 7.62 mm-lik mərmi və bir ədəd AKM avtomatının güllə darağı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bizim.Media