Bakıda arvadına xəsarət yetirən və onun nənəsi ilə bacısını bıçaqlayan Elnur Əliyevin cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə ifadə verməkdən imtina edib.
Onun ibtidai istintaqa verdiyi ifadəsi hakim tərəfindən prosesdə elan edilib. Məlum olub ki, Elnur Əliyev həyat yoldaşı Elminaz Əliyeva ilə telefonla əlaqə saxlayaraq onun anasıgildən evinə qayıtmasını tələb edib. Elminaz isə buna cavab olaraq, onunla yaşamaqdan imtina edib birgə yaşamaq istəmədiyini və boşanmaq istədiyini bildirib. Aralarında baş verən mübahisədən hirslənərək Elnur həyat yoldaşından qisas almaq niyyəti ilə bıçaq əldə edərək Elminazın anasının evinə gəlib.
Həyətə daxil olaraq həyat yoldaşını səsləyib. Baldızı Aysel Məmmədova Elnurla bacısı arasında olan mübahisəni sakitləşdirməyə cəhd etsə də, buna nail olmadıqda nənəsi Laçın Tatulovanı çağırıb. Bundan sonra tərəflər arasındakı mübahisə daha da gərginləşib. Elnur Əliyev mübahisə zamanı tərəflərin hər birinə əli ilə bir neçə zərbə vurub. Bundan sonra o, baldızı Ayselə 3 dəfə bıçaqla yüngül zərbə vurub.
Onların mübahisəsi evə daxil olduqdan sonra da davam edib. Elnur həyat yoldaşını yerə yıxaraq bıçağı göstərərək boğazını kəsməklə hədələyib. Laçın Tatulova nəvəsinin bu halını görərkən Elminazı onun əlindən almağa çalışıb. Elnur bu zaman ona bıçaqla zərbə vurub.
Məhkəmənin növbəti prosesi noyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və 2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.
Bizim.Media