Azərbaycanda səhiyyə sisteminin rəqəmsallaşdırılması yönündə həyata keçirilməsi nəzərdə tutulan Elektron Resept sisteminin tətbiqi hələ də yubanır.
Qeyd edək ki, Elektron resept sistemi Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində başlanılmalıydı.
Lakin Sərəncamdan aylar keçməsinə baxmayaraq, sistem hələ də aktivləşməyib.
Bəs, bu sistemin tətbiqi səhiyyəmizə nə verəcək və onun həyata keçirilməsi niyə yubanır?
Bizim.Media-nın bu yöndə suallarına cavab verən tibb ellmləri doktoru Adil Qeybullanın fikrincə, E-Resept səhiyyənin vahid sistemi kimi fəaliyyət göstərdiyi yerdə effektivdir:
MÖVZU İLƏ BAĞLI:
Xəstəxanalarda elektron reseptdən niyə istifadə edilmir? - VİDEO
“Bu sistem dərman maddələrinin dövriyyəsinə nəzarət etmək üçün xüsusilə vacibdir. Həkimlərin klinik protokollara nəzarəti, ona əməl etməsi baxımından da bunun böyük əhəmiyyəti var. Bu istiqamətdə monitorinqlər də məhz Elektron resept sistemi vasitəsilə aparılır”.
Professor yeni sistemin tətbiqinin yubanmasının səbəbini belə izah edir:
“Təəssüf ki, bu sistem bizdə işləmir. Çünki səhiyyə sahəsində vahid proqram sisteminə keçid təmin edilməyib. Bu olmadan biz gələcəkdə "Donor haqqında" qanunu kütləvi şəkildə respublika boyu tətbiq edə bilmərik.
Düzdür, hazırda orqan nəqli epizodik olaraq respublikanın ayrı-ayrı yerlərindəki xəstəxanalarda reallaşdırılır, amma bu o demək deyil ki, bizdə bu, sistemli şəkildə həyata keçirilir. Bunun üçün biz səhiyyəni vahid sistemə çevirə bilməliyik. Vahid proqram olmalıdır. Bütün şəhər, rayon, kəndlərə və ambulator sisteminə nəzarət bununla həyata keçirilir”.
Professor deyir ki, sözügedən sistem reallaşarsa, reseptlər sistemdə qalacaq və onlara nəzarət olunacaq:
“Reseptlərdən sui-istifadə halları olmayacaq. Klinik protokollara riayət etmək zərurəti və məcburiyyəti yaranacaq. Qısası, Elektron resept çox önəmlidir, amma onun tətbiqi üçün də lazımi şəraitin olması vacibdir”.
E-resept sisteminə keçidin yubanmasının səbəbləri ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Təəssüf ki, nazirlikdən sorğumuza cavab verilmədi.
Rəna Cumaqızı, Bizim.Media