Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi AHİK-in Əmək və Sоsial Münasibətlər Akademiyasında olub.
AHİK-dən Bizim.Media-ya bildirilib ki, ali təhsil ocağında Maliyyə-iqtisad və Sosial iş fakültələri fəaliyyət göstərir.
Maliyyə-iqtisad fakültəsinin nəzdində 3 kafedra, 2 araşdırma mərkəzi və 2 tədris laboratoriyası, Sosial iş fakültəsində isə 2 kafedra var. Hazırda bir tədris laboratoriyası və araşdırma mərkəzi qurulma mərhələsindədir. Bakalavr səviyyəsində 1026, magistratura səviyyəsində 48 tələbə təhsil alır.
AHİK sədri Sahib Məmmədov Akademiyanın binasında professor-müəllim heyəti üçün nəzərdə tutulmuş otaqlara, tələbələr üçün tədris zallarına, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və akt zallarına, kitabxanaya baxıb, burada mövcud şəraitlə maraqlanıb.
Sonra Akademiyanın professor-müəllim heyəti ilə keçirilən görüşdə rəhbərlik və müəllimlərlə söhbət aparılıb, tədrisin vəziyyəti barədə danışılıb. AHİK sədri bildirib ki, ölkəmizdə digər sahələr kimi, təhsil sahəsi də cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə davamlı olaraq inkişaf etdirilir və bu istiqamətdə aparılan islahatlarla beynəlxalq standartlara uyğunlaşdırılıb. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı naminə uğurla reallaşdırdığı layihələrdən bəhs edib.
Akademiyada səmərəli idarəetmə mexanizminin formalaşdırılması, tədrisin keyfiyyətinin artırılması, qabaqcıl beynəlxalq standartlar əsasında müasirləşdirilməsi, eləcə də dünyanın nüfuzlu universitetləri ilə münasibətlərin qurulması və təcrübə mübadilələrinin aparılmasının zəruriliyini diqqətə çatdıran Konfederasiya sədri Akademiyanın abituriyentlər üçün cəlbedici olması, məzunlarına əmək bazarında tələbatın yüksəldilməsi üçün tədbirlər görülməsi barədə tapşırıqlar verib.
Həmçinin əmək bazarının tələbləri və dünya təcrübəsi nəzərə alınmaqla Akademiyada yeni ixtisasların yaradılması və “AHİK könüllüləri” proqramı iştirakçılarına təlimlərin keçirilməsi qərara alınıb.
AHİK-in qarşıdakı startap layihələri barədə danışan Konfederasiya sədri bunun həmkarlar ittifaqlarının səmərəli fəaliyyətində önəmini qeyd edib.
Sonra həmin binada yerləşən AHİK-in üzv təşkilatlarının iş şəraiti ilə tanışlıq olub.
Bizim.Media