Pəhriz saxlamağa qərar verənlər çox vaxt kalorilərin sayı ilə heç bir əlaqəsi olmayan amilləri nəzərdən qaçırırlar. Məsələn, arıqlamaq üçün yuxunun nə qədər vacib olduğunu çoxları bilmir.
Bizim.Media “British Biobank”-a istinadən çəki itirmək üçün vacib olan bəzi məqamları təqdim edir:
Arıqlamaq üçün yuxu niyə vacibdir?
Yuxu çəkimizi tənzimləməkdə əsas rol oynayır. Yuxu pozğunluğu yemək vərdişlərimizə təsir edir. Lazımi qədər yatmamaq olmaması karbohidratlara, şəkərə və yağlara olan istəkləri artırır. Yuxu enerjini doldurmaq üçün də lazımdır. Yuxu azlığı səbəbindən yaranan yorğunluq məqsədlərinizə çatmağı çətinləşdirir və zehni performansınıza təsir edir.
Əgər gündə altı saatdan az yatırsınızsa, iştaha cavabdeh olan hormonlar artıq düzgün istehsal olunmur. Məsələn, yuxunun olmaması aclıq hormonu olan qrelinin ifrazının artmasına səbəb olur, tox olduğumuzu "xəbərdar edən" leptin isə azalır. Beləliklə, yüksək səviyyələrdə qrelin və aşağı səviyyələrdə leptin kalori qəbulunu artıra bilər. Uzun müddətli yuxu pozğunluğu həm də piylənməyə səbəb olur.
Yaxşı yuxuya kömək edən vərdişlər
Gecədə ən azı yeddi saat yatmağa çalışın və mümkün olduqda yuxu cədvəlinə əməl edin. Yatmazdan əvvəl rahatlaşdırıcı bir rejim yaradın - oxumaq, gəzmək, isti vanna qəbul etmək və s.
Yatmazdan ən azı bir saat əvvəl televizordan və telefondan istifadəni məhdudlaşdırın. Yuxuya getməzdən əvvəl ağır yeməklərdən, kofein və spirtdən uzaq durun.
Yataq otağınızdakı temperaturu izləyin - ideal olaraq sərin, qaranlıq və sakit olmalıdır.
Surxay Atakişiyev, Bizim.Media