Şimal-Qərb bölgəsində “BÖCƏK İSTİLASI” – Meyvə təsərrüfatları TƏHLÜKƏ ALTINDA – FOTO

Şimal-Qərb bölgəsində “BÖCƏK İSTİLASI” – Meyvə təsərrüfatları TƏHLÜKƏ ALTINDA – FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində “BÖCƏK İSTİLASI” – Meyvə təsərrüfatları TƏHLÜKƏ ALTINDA – FOTO

215397

Üç il əvvəl qonşu Gürcüstanda yayılmış, bir çox kənd təsərrüfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı (Halyomorpha halys-red) ölkəmizə də daxil ola bilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin mərhələdə respublikamızın 8 rayonu üzrə 34 məntəqədə bu böcəklər aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fındıq bağlarının qəniminə çevrilən BÖCƏK – Onunla mübarizə necə aparılır? – FOTO  


Ölkəmizdə Qazax-Tovuz bölgəsindən sonra ən çox şimal-qərb, əsasən də Balakən və Zaqatala rayonlarında müşahidə edilir. Son həftələr adları çəkilən hər iki rayonun yaşayış məntəqələri və təsərrüfatlarında qəhvəyi mərmər bağacığına daha çox təsadüf edilir.

Qəhvəyi mərmər bağacığı böcəyinə ötən illərdə Balakən və Zaqatalanın Qanıx çayı vadisində yerləşən kəndlərində təsüdüf edilirdi.

Son dövrdə bu böcəklər rayonların digər kəndlərinə də yayılıblar.


Böcəklərin son günlər daha çox müşahidə edildiyi yaşayış məntəqələrindən biri Pərzivan kəndidir. Hansı ki, Pərzivan kəndi Zaqatalanın dağətəyi yaşayış məntəqələrindən biridir. Sakinlərin sözlərinə görə qəhvəyi mərmər bağacığı ötən ilə kimi Zaqatalanın Danaçı-Lahıc, aran kəndlərində müşahidə olunurdusa son günlər dağətəyi kəndləri, yaşayış məntəqələrini bürüməkdədir.

Kənd sakini Sənəm Veysəlova böcəklərin əlindən qapı-pəncərəni aça bilmədiklərini söyləyir. Onlar hansı yollasa evlərə daxil olur. Gün ərzində bir neçə dəfə tozsorandan istifadə etmək məcburiyyətində qalan kənd sakinləri ancaq bu üsulla tədbir görür.

Sakinlər böcəklərin həyətlərindəki yaşıl yarpaqlı ağacları məhv etdiyini, sonradan özünə isti sığınacaq tapıb yumurta qoyduqlarını bildirir.

Kənd sakini Eldar Veysəlovun sözlərinə görə, böcəklər bu il evlərə də “basqın edirlər”:


“Bunları biz evin içərisindən gündə 3-4 dəfə təmizləyirik, yorğan-döşəyin içərisində belə gizlənirlər”.

Kəndin yaxınlığında yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zaqatala dayaq məntəqəsində də vəziyyət heç də ürəkaçan deyil. Bu təsərrüfatda fındıq, qoz, şabalıd növləri eləcə də çox sayda müxtəlif bitkilər yetişdirilir. Təsərrüfatın rəhbəri  Rəşad İbrahimov bildirir ki, sentyabr ayında böcəklər ərazidə daha çox fəallaşıb. Bir neçə dəfə kimyəvi tədbirlər həyata keçirilib, aldadıcı tələlər qoyulub.

Lakin heç birinin faydası olmayıb.  


“Bizim təsərrüfatın 62 hektar ərazisi var. Ondan 16 hektarı məhsuldar fındıq bağıdır. Eyni zamanda yeni salınmış bağlarımız da var. Ümumiyyətlə, bu il böcəklər çoxalıb. Bir neçə dəfə kimyəvi yola dərmanlama aparmışıq. Üzərindən bir neçə gün küçəndən sonra eyni vəziyyət yaranır. Bu böcəklər nəinki fındıq bağlarına, sabah biri gün taxıl sahələrinə də ziyan verəcək”, - deyə təsərrüfat başçısı böcəklərin belə aktivləşməsini həm də havaların münbit keçməsi ilə əlaqələndirir. 

Qəhvəyi mərmər bağacıqlarına qarşı qonşu Balakəndə də mübarizə tədbirləri davam etdirilir. Gürcüstanla sərhəddə yerləşən bu rayonda böcəklərin çoxalması müşahidə edilir.

Kənd Təsərrüfatı Nazirliyinin Balakən-Zaqatala Regional bitki mühafizə mərkəzinin direktoru Turac Səfərli bildirir ki, hazırda böcəklərin ən aktiv faza dövrüdür. Onlar özlərinə daha isti və münbit qışlama yerləri axtarır. 

Fəslindən aslı olmayaraq, onlara qarşı mübarizə tədbirləri mütəmadi davam etdirilir.  


Turac Səfərli bildirir ki, havaların soyuması ilə əlaqədar qəhvəyi mərmər bağacığı qışlama üçün miqrasiya edir. Kimyəvi mübarizə olaraq meyvə bağlarında, qoz bağlarında kütləvi tədbirlər həyata keçirilir:

“Zaqatala rayonu ərazisində 50 hektara yaxın ərazidə, Balakəndə isə 70 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb. Evlərdə, yaşayış olan ərazilərdə kimyəvi tədbirlər həyata keçirmək mümkün olmadığından biz daha çox maarifləndirməyə, mexaniki və biokimyəvi üsulla mübarizəyə üstünlük veririk”.


Qeyd edək ki, qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır ki, onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı, tumlu və çəyirdəkli meyvə bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Zərərverici əsasən yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır.

Bununla əlaqədar Regional Bitki Mühafizə Mərkəzi vətəndaşlardan xahiş edir ki, bir rayondan digərinə gedərkən üst-başlarına fikir versinlər, əl çantaları yaxud digər vasitələrdən istifadə edərkən onları yoxlasınlar. 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO