Bakıda gənc oğlanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən zərərçəkmiş şəxsin - mərhumun hüquqi varisi Yusif Əliyev hadisədən səhər saatlarında xəbər tutduğunu deyib:
"Etibar Əliyev mənim oğlumdur. Səhər 5-də eşitdim ki məlum hadisə baş verib. Hadisəni mənə qonşum xəbər verdi. Bir-başa xəstəxanaya getdim. Oğlumla təqsirləndirilən şəxslə hər-hansı bir ədavətin olması ilə bağlı heç bir məlumatım yox idi".
Digər şahid Nicat Bəhrəmov isə bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanıyıb:
"Nəsimi rayon polis idarəsinin 21 polis bölməsinin sahə rəisi olaraq çalışıram. Nərimanov rayonunda bizim ailəyə məxsus avtoyuma mərkəzi var idi. Etibar onu məndən icarəyə götürüb işlədirdi. Etibarı yaxından tanıyıram. Polis orqanlarında çalışdığı üçün tanıyırdım. Sonra gördüm ki arendanı ödəyə bilmir, bağladım. Mənə bir nəfər dedi ki, Elşən adlı şəxs avtoyumanı götürmək istəyir. Ancaq sonradan ondan xəbər çıxmadı. Mən o ərazidən çıxdıqdan sonra eşitdim ki Elşən orada kafe götürüb işlədir. Həmkarlarımdan eşitdim ki, Elşən Etibarı bıçaqla vuraraq qətlə yetirib".
Şahid Vüsalə Həsənova qeyd edib ki, tərəflər arasında mübahisə borc üstündə düşüb:
"Mən Elşənin kafesinin yanındakı kafedə ofisiant olaraq çalışırdım. Axşamlar isə çox vaxt Elşənin kafesinə gedib dostlarla yeyib içirdik. Həmin gün ora gedəndə Elşən mənim masama yaxınlaşdı və sifarişimi verdim. Yemək yeyib araq içdik. Sonradan Etibarla Elşən arasında dava düşdü. Onların hər ikisi içkili idi. Mən sonra səhər açılırdı deyə taksi sifarişi verib gedəndə gördüm ki onlar mübahisə edə edə kafenin yaxınlığında olan avtoyuma məntəqəsinə tərəf getdilər.
Mən orda olanda söyüşlü mübahisə edirdilər. Sonra Elşən mənə yığdı ki, “Etibarı bıçaqla vurmuşam”. Ora gələndə gördüm ki Etibar kürəyi üstə uzanıb. Etibarda bıçaq yarası görsəm də qan görmədim. Bıçaqda qan izi yox idi və onu sumkama qoydum".
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla məlum olub ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Selcan Zaurqızı, Bizim.Media