Respublika Perinatal Mərkəzində baş vermiş yanğına görə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədlinin məhkəməsinin növbəti prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
7 körpənin öldüyü yanğınla bağlı MƏHKƏMƏ – Perinatal Mərkəzin sədri iclasın təxirə salınmasını İSTƏDİ
Daha sonra işin məhkəmə baxışına verilməsi müzakirəyə çıxarılıb.
Dövlət ittihamçısı Orxan Səmədov cinayət işinin məhkəmə istintaqına verilməsi ilə razılaşıb. Hadisə nəticəsində həyatını itirən körpənin hüquqi varisi Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədov etiraz edərək işlə tam tanış olmadığına görə məhkəmədən vaxt istəyib. Ona cinayət işinin 4 oktyabr tarixində verildiyini bildirib.
Məhkəmə bütün vəsatətlərə baxdıqdan sonra ümumi qərar qəbul edəcəyini bildirib. Digər vəkillər də vəsatətlə çıxış ediblər.
İlk olaraq zərərçəkmiş şəxslərin vəkili istintaqın tam aparılmadığını bildirib. Belə ki, vəzifəli şəxslər yanğın zamanı evdə olduğu halda təqsirləndirilib. Lakin hadisə anında növbədə olan işçilər təqsirləndirilməyib. Bu səbəbdən də işin yenidən araşdırılmasını təklif ediblər.
Müdafiə tərəfi də vəsatətlə çıxış edərək işin yenidən ibtidai istintaqa göndərilməsini təklif edib. Buna səbəb kimi, onlar ibtidai istintaq zamanı baş vermiş pozuntuları göstərib. Belə ki, müdafiə tərəfinin iddiasına görə ittiham aktı, müvafiq ekspertiziya rəyləri və sənədlərə düzgün qiymət verilməyib. Onların əsli olmadan cinayət işinə daxil edilməsini düzgün hesab etməyib. Əlavə edib ki, bu sənədlər müvafiq təsdiqləmələr olmadan boş kağız hesab edilir. Zərərçəkmiş şəxslərin vəkilləri də bu vəsatətlə razılaşıb.
Dövlət ittihamçısı pozuntuların kobud adlandırılmasına etiraz edib. O, vəsatətlərin baxılmamış saxlanılmasını istəyib və bu faktın mövcudluğunun olub-olmamasının məhkəmə baxışında yoxlanılmasını istəyib.
Təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili və qardaşı Çingiz Bəşirov vəsatət verərək, ibtidai istintaq dövründə müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğunu bildirib:
"İbtidai istintaq dövründə işi araşdıram müstəntiq və ekspertiziya verən şəxslər mənim müdafiə etdiyim Mehriban Abasquliyevanın hüquqlarını kobud şəkildə pozub. Ona yanvarın 9-u istintaqla tanış olmağı və ifadə verməyi ilə bağlı sənəd imzaladılıb. Yanvarın 10-u isə ifadəsi alınıb. Diqqətlə baxsanız, görərsiniz ki, hər iki ifadə eynidir. Hətta içindəki səhvlər də eynidir. Bu xanım iki gün ardıcıl eyni ifadəni eyni səhvlərlə verə bilməz. Bu səbəbdən ifadə sübutlar siyahısından çıxarılmalıdır".
Digər təqsirləndirilən şəxs Elnur Əhmədlinin müdafiəçisi də sənədlərdə saxtakarlıq olduğunu iddia edib:
"Mənim müdafiə etdiyim şəxs yanvarda-yanğından dərhal sonra ifadəyə çağırılıb. Onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib. O, mənimlə mayda müqavilə bağladıqdan sonra istintaqa çağırılıb. Bu zaman aralığında Oqtay istintaqa getməyib. Lakin maydan öncəki protokollarda onun imzası var. Gözlə görünür ki, imza saxtalaşdırılıb. Bu səbəbdən də, həmin protokolların sübutlar siyahısından çıxarılmasını tələb edirəm". Daha sonra müdafiə tərəfi çıxış edərək zərərçəkmiş şəxslərin arasında hadisə günündə növbədə olan və yüngül xəsarət alan həkimlərin zərərçəkmiş siyahısından çıxarılmasını istəyib. Buna səbəb onların yanğın zamanı peşələrini düzgün icra etməmələrini və yanğınla bağlı müvafiq qurumlara xəbər verməməklərini göstərib.
Həmin zərərçəkmişlərdən Gülbahar Zülfüqarova bildirib ki, o da bu siyahıda olmaq istəməyib:
"Hadisə günü mən öz dərdimdə deyildim. Yanğın dördüncü mərtəbədə başlayıb və mən 1-ci mərtəbədə vəzifədəydim. Buna baxmayaraq xəstələrin daşınmasına kömək etdim. Səhər gözümü təcili tibbi yardım maşınında açdım. Sonra da oradan getdim".
Ardından Çingiz Bəşirov daha bir vəsatət təqdim edərək müdafiə etdiyi Mehriban Abasquliyeva barəsindəki ev dustaqlığı qərarının dəyişdirilməsini istəyib.
Dövlət ittihamçısı bütün vəsatətlərin baxılmamış saxlanılmasını və məhkəmə istintaqında yoxlanılmasını təklif edib. Bildirib ki, deyilən faktlar təsdiqlənərsə lazımi tədbirlər görüləcək.
Məhkəmə müşavirə edərək qərara alıb ki, cinayət işi məhkəmə baxışına verilsin. Təqdim olunmuş vəsatətlər baxılmamış saxlanılsın.
Növbəti proses 21 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Əlavə edək ki, zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarova tanınıb.
Selcan Zaurqızı, Bizim.Media