Cəbrayıl Şəhər Günü - Böyük Qələbəyə gedən yolun müjdəçisi

Cəbrayıl Şəhər Günü - Böyük Qələbəyə gedən yolun müjdəçisi

Hazırda oxunan: Cəbrayıl Şəhər Günü - Böyük Qələbəyə gedən yolun müjdəçisi

214692

İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləcə də 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi tamamilə məhv edilib.

Cəbrayılın təhsil və səhiyyə, elm və mədəniyyət müəssisələri, tarix-memarlıq, dini abidələri, o cümlədən zəngin irsimizin yadigarı olan “Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Mazannənə, Mərmər nənə məqbərələri, “Başıkəsik Gümbəz”, “Qala”, “Qız qalası”, Xudafərin körpüləri, “Sultan Məcid hamamı”, “Dairəvi Türbə” və digər abidələrimiz dağıntılara məruz qalmışdır.

Dövlətimiz ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı, o cümlədən Cəbrayıldakı zəngin maddi və mənəvi sərvətlərimizin, dini, tarixi-memarlıq abidələrimizin məhv edilməsinə dair əsaslı fakt və materialları müntəzəm olaraq beynəlxalq təşkilat və təsisatlara, o cümlədən dünya mədəni irsinin mühafizəçisi kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-ya təqdim etsə də, vəziyyətlə yerində tanış olmaq üçün dəvət etsə də, bu müraciətlər nədənsə qulaqardı edilmiş, cavabsız qalmışdır.

Eyni zamanda bu illər ərzində Türk və İslam dünyası, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi beynəlxalq qurumlar erməni vandalizminə qarşı Azərbaycanın haqq işinə hər zaman obyektiv siyasi-hüquqi qiymət vermiş, mənfur qonşularımızın qeyri-insani əməllərini pisləmişlər.
 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyini azad edərək Cocuq Mərcanlı kəndinin öz sakinlərinə doğma yurdlarına qovuşdurmaqla Cəbrayılın yenidən yazılan tarixində Qayıdışın ilk təməllərini qoydu.


2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndinin işğaldan azad edilməsi isə Böyük Zəfərə gedən yolda ilk müjdə oldu. Müzəffər Ali Baş Komandanın həmin gün bəyan etdiyi kimi Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb, Vətən müharibəsindəki ilk ciddi uğur isə Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində yerləşən və strateji mövqeyə malik Cəbrayıl rayonunun azad edilməsi ilə həm də 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi, Xudafərinə sahib çıxmağımıza yol açıldı.

Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayonun azad edilməsi digər rayonlara uğurlu əks-hücumun müvəffəqiyyətlə aparılmasına imkan yaratdı, Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun cənub kəndlərini və strateji Hadrut qəsəbəsini, eyni zamanda, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu körpüdə Azərbaycan bayrağını ucaldılması böyük tarixi və siyasi əhəmiyyət kəsb etməklə dövlət sərhədlərimizin bərpasında müstəsna rol oynadı.

Beləliklə, Cəbrayıl rayonunun azad edilməsi ilə başlanan tarixi missiya 44 günlük Vətən müharibəsinin qələbə akkordunun tamamlanması ilə nəticələndi.

Ali Baş Komandanın müvafiq sərəncamları ilə Cəbrayılın Zəfərimizdəki rolu və əhəmiyyəti nəzərə alınaraq 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi, Silahlı Qüvvələrimizin 22 min 797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi kursuna uyğun olaraq 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən edildi.
 

27 illik işğalın sona çatmasından dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfərlər edərək əsaslı bərpa və yenidənqurma işlərinin aparılmasına start verdilər. Bu günə kimi dövlət başçısının Cəbrayıla 10 səfəri baş tutmuşdur.


Beləliklə, 4 ildir ki, Cəbrayıl rayonunda aparılan davamlı yenidənqurma və bərpa işlərinin, ərazidə yaradılan vacib infrastrukturların böyük bir qisminin başa çatdırılmasından sonra sakinlərin öz ata-baba yurdlarına qayıdışı da baş tutdu, ilk olaraq Bakı şəhərinin Qaradağ rayonundan 36 ailə - 117 nəfər öz doğma ocaqlarına köçürülüb.

Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl Şəhər Günündə rayonda inşa olunan ilk yaşayış kompleksinin açılışını etməsi və sakinlərə mənzillərin açarlarını təqdim etməsi ilə Cəbrayılın həyatında əbədi qayıdışın möhkəm təməlləri də qoyuldu. Tarixi və rəmzi məna daşıyan bu əlamətdar gündə sakinlərə təqdim edilən açarlar həm də onların həyatına açılan yeni qapıların açarları hesab edilə bilər.

Ramid Namazov

Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO