İndi də meyitlərdən brilyant hazırlayırlar – Xatirəni əbədiləşdirmək, yoxsa mərhuma HÖRMƏTSİZLİK?

İndi də meyitlərdən brilyant hazırlayırlar – Xatirəni əbədiləşdirmək, yoxsa mərhuma HÖRMƏTSİZLİK?

Hazırda oxunan: İndi də meyitlərdən brilyant hazırlayırlar – Xatirəni əbədiləşdirmək, yoxsa mərhuma HÖRMƏTSİZLİK?

214421

Son zamanlar Rusiya paytaxtında qeyri-adi bir xidmət - vəfat etmiş şəxslərin külünü həqiqi brilyantlara çevirmək populyarlıq qazanır.

Belə ki, getdikcə daha çox moskvalı ölən qohumlarının xatirəsini bu cür ekstravaqant üsulla əbədiləşdirmək üçün böyük məbləğ ödəyir. Bu cür "xatirə brilyantı"nın qiyməti 5 000 avrodan (təxminən 9.4 min manat) başlayır.

Mütəxəssislər qiymətin yüksək olmasını insan külündən qiymətli daşyaratma prosesinin son dərəcə mürəkkəb və əmək tələb edən iş olması ilə izah ediblər:

“Əvvəlcə küldən təmiz karbon çıxarılır, sonra qrafitə çevrilir. Yalnız bundan sonra qrafitdən həqiqi almaz hazırlanır ki, onu da cilalayıcı ustalar parlaq brilyanta çevirirlər”.

Məlumatda vurğulanıb ki, bahalı olmasına baxmayaraq, xidmətə tələbat hər ay artır.

Bununla belə, hüquqşünaslar xəbərdarlıq ediblər ki, mərhum insanın külü ilə bu cür davranış ölülərin cəsədlərinə qarşı təhqir kimi qiymətləndirilə bilər. Lakin Rusiyada hələ ki, "xatirə almazları" hazırlanmasına görə məsuliyyətə cəlb edilmə presedenti olmayıb.

Bəs, ölünün kütləvi şəkildə və şəxsi maraq üçün yandırılması dini və insanlıq baxımından nə qədər doğrudur?

Məsələyə ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, səmavi dinlər olan islam, xristianlıq və yəhudilikdə ölüləri yalnız torpağa dəfn etmək əmr olunur:

“Nə insanın, nə də heyvanın cəsədini istisna halları çıxmaq şərti ilə yandırmaq olmaz, bu təhqir hesab olunur. Müxtəlif yoluxucu xəstəliklər zamanı ölünü yandırmaq olar. Ancaq bu şərtlə ki, sonda külünü yenə də torpağa dəfn edəsən. O ki, qaldı ölünün cəsədindən, külündən nəsə hazırlamağa, meyiti bahalı daş-qaşlar üçün istifadə etmək dini cəhətdən qəbuledilməzdir. Bu ənənə şəklini alarsa, ənənəvi dini inanca sahib olan böyük kəsim ilə qarşıdurma yarana, problemlər böyüyə bilər.

Çünki bu adət birbaşa dinin kökünə balta vuran nüansdır. Şübhəsiz ki, Qərb təxribatçı planları çərçivəsində rəqib saydıqları ölkələrdə bu cür ağlagəlməz ənənələr yaradırlar ki, hər vəchlə cəmiyyəti, xalqı parçalasınlar”.

“Brilyantdan istifadə edənlərə də uğursuzluq gətirəcək”

Müsahibimiz onu da əlavə edib ki, insanın Qiyamət günü diriləcəyinə, hesab verəcəyinə, ruhun yenidən bədənə qovuşacağına inanan müsəlmanlar və xristianlar əsla bu prosesi qəbul edə bilməzlər:

“İnsanların psixoloji durumuna mənfi təsir göstərə bilər. Ölünün külündən hazırlanmış brilyant üzük formasında insanın barmağında, yaxud boyunbağısında olarsa, bu ona böyük mənfiliklər gətirə bilər. Ölünün ruhuna əzabla yanaşı, dirinin də narahatlıq və uğursuzluğuna gətirib çıxaracaq. Qəbirlər olmayacaq, ölülərin izi itəcək, tarix silinəcək. Həmin brilyant da itsə, vəssalam. İnsan torpaqdan yarandığı üçün yalnız torpağa dəfn edilir. Onun cəsədini yandırmaq haramdır və böyük günahdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO