Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, 71 saylı orta məktəbin şagirdi bıçaqlanıb. Hadisə zamanı 2008-ci il təvəllüdlü A.S yaşıdı D.N-nı bud nahiyəsindən bıçaqlayıb.
Yaralı şagird xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olarq şagirdin ölüm faktı ilə bağlı açıqlama verib:
MÖVZU İLƏ BAĞLI:
Sabunçuda məktəblinin ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI
“02.10.2024-cü il tarixində saat 14:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sağ budun yuxarı üçdə birinin iç və bayır səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Göstərilən reanimasion tədbirlərə baxmayaraq, kəskin qan itirmə və 4-cü dərəcəli hemorragik şok səbəbilə sözügedən şəxsin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, Baş Prokurorluqda hadisə ilə bağlı araşdırma başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.
Alçina Amilqızı, Bizim.Media