Talassemiyalı uşaqların pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsi: “Baş həkim şərait yaratmışdı”

Talassemiyalı uşaqların pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsi: “Baş həkim şərait yaratmışdı”

Hazırda oxunan: Talassemiyalı uşaqların pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsi: “Baş həkim şərait yaratmışdı”

214232

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Aynur Bayramova ifadəsində bildirib ki, xəstələr pulu onun yanında Nuridə Seyidovaya verib:

"Zərərçəkən Kəmalə Nuriyevanı Talassemiya Mərkəzindən tanıyıram. O, pulu mənim yanımda Nuridəyə verib. Digər zərərçəkən Nüşabə Məmmədovadan 34 min manat alınıb. O, Zaur Baxşəliyevin verilişindən gəlmişdi. Nuridə özü Zaurla danışıb, xəstəni onun verilişindən gətirib. Çek də Zaura təqdim olunub. Bu hadisə Zaur Baxşəliyevin "Bizimləsən" verilişində talassemiyalı xəstələrə pul yığılan zaman baş verib. Nuridə də həmin verilişə gedib, Zaurla görüşüb."

A.Bayramova əlavə edib ki, zərərçəkənlər Taleh Hacı Məmmədov 34 min, Ramin İsmayılov 25 min 500, Elnur İsfəndiyarov 25 min, Vüqar İsayev 30 min, Laura Həsənova isə 51 min manat manat pulu onun yanında Nuridə Seyidovaya veriblər. 

Daha sonra zərərçəkən Şahbacı İsayeva ifadə verib. O, bildirib ki, Aynur Bayramova ilə Talassemiya Mərkəzində ayrılan ayrıca otaqda görüşüb:

"Aynur Bayramova kim idi ki, mərkəzdə ona ayrıca otaq ayırmışdılar?! Ona bu şəraiti Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman xanım yaratmışdı. Aynur Bayramova Zaurun verilişində talassemiyalı uşaqlara pul yığılarkən  60 min manat pulun da onlar tərəfindən qarşılanacağını deyib. Mən ümumilikdə onlara 20 min dollar pul vermişəm, cəmi 3500-nü qaytarıblar. Qalan pulumu tələb edirəm." 

A.Bayramova zərərçəkənin sualına cavab olaraq bildirib ki, o "Antalya Medical Park"ın əməkdaşı olub, buna görə də ona mərkəzdə xəstə qəbulu üçün şərait yaradıblar. 

Hakim Azad Məcidov bildirib ki, Talassemiya Mərkəzinə bununla bağlı sorğu göndərilib, lakin Mərkəzdən Aynur Bayramovanı tanımadıqlarını deyiblər.

"Aynur sən beş il ərzində Türkiyəyə qan aparmısan, heç soruşan olmayıbmı ki, niyə və hara aparırsan?", - deyə hakim digər sualında bildirib. 

Müttəhim A.Bayramova cavabında Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman adlı xanımın icazəsinin olduğunu bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO