Binəqədi qəsəbəsi Yasamal rayonu İnşaatçılar metrostansiyası marşrut xətti üzrə hərəkət edən 165 nömrəli avtobuslar köhnə və çirklidir.
Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri müraciət ediblər.
Sərnişinlər avtobusların oturacaqlarının köhnə olduğunu, uzun illərdir eyni avtobusların xətdə çıxarıldığından gileyləniblər.
İyun ayında marşrut avtobuslarında gedişhaqqının artırılmasının keyfiyyətə xidmət etdiyi deyilsə də, ətraf qəsəbələrə işləyən avtobusların durumu deyilənləri yalanlayır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda "Ai 92" markalı benzin və dizel yanacağı bahalaşdı
Aylardır artan gedişhaqqı ilə işləyən avtobusların keyfiyyətində heç bir yenilik yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən daşıyıcıya avtobusların yenilənməsi ilə bağlı tapşırıq verilib:
“AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib. 165 nömrəli avtobusun daşıyıcısına xətdə olan nəqliyyat vasitələrinin yenilənməsi barədə tapşırıq verilib. Daşıyıcının məlumatına görə, yaxın zamanda xətdə olan köhnə nəqliyyat vasitələri yeniləri ilə əvəzlənəcək. AYNA tərəfindən məsələ nəzarətə götürülüb”.
Avtobusların təmizliyinə gəlincə, qurumdan bunun qanunla tənzimləndiyini və daşıyıcı şirkətlərin cavabdeh olduqları qeyd edilib:
“Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 nömrəli qərarına əsasən, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir. Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır.
Avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir. Eyni zamanda AYNA ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilmişdir. İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdarlıq edilir və lazımi ölçü götürülür”.
Günay Şahmar, Bizim.Media