Sinəsi olan yerdə kürəyindən yara almadı... – “Hinal qartalı”nın DÖYÜŞ YOLU – FOTO

Sinəsi olan yerdə kürəyindən yara almadı... – “Hinal qartalı”nın DÖYÜŞ YOLU – FOTO

Hazırda oxunan: Sinəsi olan yerdə kürəyindən yara almadı... – “Hinal qartalı”nın DÖYÜŞ YOLU – FOTO

213459

Kim bilərdi ki, qartala bənzədilən vətənimiz özü də qartal ləqəbli qəhrəmanlar yetişdirəcək... 

Həmin qəhrəmanlardan biri 44 günlük Vətən Müharibəsinin şəhidi, “Hinal Qartalı” ləqəbli Ağacavad Mütəllimzadə idi. 

1997-ci il avqustun 14-də Bakının Maştağa qəsəbəsində dünyaya gələn Ağacavad ailənin 3 oğlu, sonbeşiyi idi. O, uşaqlıqdan bəri özünəməxsus danışığı, davranışı ilə fərqlənirdi. 

Şəhidin anası Nailə Mütəllimzadə Bizim.Media-ya açıqlamasında deyib ki, o, oğlunun fərqli olduğunu dünyaya gəldiyi andan hiss edirdi: 

“3 oğlum var, amma mən onun dünyaya gəldiyi andan bəri fərqli olduğunu hiss edirdim. Bunu sadəcə mən yox, həkimlər belə deyirdi. Axı təzə doğulan uşaqda iti baxış olmur, amma o doğulanda təcrübəli həkim gəlib, ilk dəfə belə uşaq gördüyünü, onun gələcəkdə fərqli biri olacağını dedi. İllər boyu onun danışığını, baxışlarını, hərəkətlərini gördükcə həkimin sözlərini xatırlayırdım. Oğlum şəhid olanda başa düşdüm ki, həkim nəyi nəzərdə tuturmuş...   

Evin ən kiçik uşağı olmağına baxmayaraq, 10 yaşından sonra onunla məsləhətləşməyə başladıq. Hər kəsə məsləhətlər verməyi, qohuma-qardaşa diqqət göstərməyi sevirdi. Öz problemlərimiz olsa belə, hər kəsə kömək etmək istəyirdi”. 


Ləqəbi “Hinal Qartalı” oldu...


“Qolunda kəsik var idi və ona hərbi komissarlıqdan dedilər ki, valideynin razı olmasa, sən hərbi xidmətə gedə bilməzsən. Evə gəlib məndən xahiş etdi ki, ərizə yazım. Çox xahiş etdi, mən də razılaşdım. Hərbi komissarlıqdan içəri girəndə mənim ərizəni yazıb-yazmayacağım ilə bağlı inamsız idi, ancaq mən onun hərbi xidmətə yollanmağı çox istədiyini görüb razılığımı verdim. 

O, Murovdağdakı hərbi hissələrin birində xidmət etməyə başladı. Mənə Murovdağın təhlükəli yer olduğunu söyləyirdilər, Ağacavad isə deyirdi ki, “ana bura cənnətdir, o qədər gözəl yerdir ki...” 

O, Murovu elə vəsf etdi ki, hələ mən o yer haqqında heç kəsdən elə gözəl sözlər eşitməmişdim. 

Ağacavad 18 yaşı olanda artıq kəşfiyyatçı idi, o, həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra belə orada qalmaq istəyirdi. Ancaq ərazinin şaxtalı havasına görə gözündə problem yarandığı üçün razılaşmadım. Ancaq gəldikdən sonra belə ağlı orada qaldı. Əsgərlikdəki uğurlarına görə onun ləqəbi “Hilal qartalı” oldu”. 

“Sinən olan yerdə kürəyindən yara alma”. 

“Ağacavad müharibə başladıqdan sonra adını səfərbərliyə könüllü şəkildə yazdırdı. Həmin vaxt o qədər həyəcanlı idi ki, mən 23 il böyütdüyüm oğlumu tanıya bilmirdim. Atası da onun müharibəyə getməsinə razı oldu. O, Ağacavada dedi ki, “oğlum, sənə ata olaraq bir məsləhətim ola bilər, sinən olan yerdə kürəyindən yara alma”. 


Ağacavad elə düz ürəyindən, snayper gülləsi ilə vuruldu...   


Atası buna dözmədi, o da Ağacavadın şəhid olmasından bir müddət sonra vəfat etdi. Ağacavad döyüş yoldaşları mühasirədə olanda onlara köməyə gedən maşına könüllü minib. Əslində ora başqa tabor gedirdi. Ancaq o, həmin taborun köməyə getdiyini bildiyi üçün maşına minir və Xocavəndin yaxınlığındakı “Ziyarət dağı”ndakı döyüş zamanı şəhid olur. 

Sentyabr ayının hər gününü, onunla nə vaxt danışdığımı, nə dediyimi xatırlayıram. O mənə dedi ki, ana sən fikirləş ki, mən nə şəhid olacağam, nə də qazi, mən qalib gələcəyəm. Düzdür, qalib oldu, onların hər biri qalibdir...
 

Baxın, sentyabr ayıdır, havalar sərindir. Ancaq hava nə qədər şaxta olsa belə, ürəyimdəki o yanğını heç nə soyutmur. Bilirəm, oğul vətən üçündür, onu mərd böyütmək lazımdır. Bizim evimizdə də ataları oğlanlarımızı elə böyütdü”. 


Qeyd edək ki , şəhid Ağacavad Mütəllimzadə 22 oktyabr 2020-ci ildə Xocavənd yaxınlığında “Ziyarət dağ” adlanan yüksəkildə gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. O, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “ Cəsur döyüşçü”, “ Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarıyla təltif olunub. 

Həmçinin, 26 oktyabr 2023-cü ildə Ağacavad Mütəllimzadəyə həsr olunan “Hinal Qartalı” adlanan sənədli filmin təqdimatı da keçirilib.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO