Zərdabda ata və oğlu qonşusuna xəsarət yetiriblər

Zərdabda ata və oğlu qonşusuna xəsarət yetiriblər

Hazırda oxunan: Zərdabda ata və oğlu qonşusuna xəsarət yetiriblər

213349

Zərdab rayonunda 1978-ci il təvəllüdlü Sərdar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqara (adlar şərti göstərilib) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Zərdab rayonunun kəndlərindən birində baş verib. Sərdar kənddə yerləşən otlaq sahəsində Vüqarla aralarında yaranmış mübahisə zamanı onun baş və əl nahiyyəsindən qəsdən əli ilə yumruqla vurub.

Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, kənd ərazisində yerləşən və əmisinin ona verdiyi ferma təsərrüfatında həyat yoldaşı Günay və oğlu Cəlil ilə birlikdə yaşayır: "Fərdi təsərrüfat fəaliyyəti ilə məşğul oluram. Zərərçəkmiş Vüqar həmkəndlimdir. Onunla əvvəllər münasibətim yaxşı olsa da, təxminən 5-6 il müddətdir ki, mülki məsələlərlə əlaqədar olaraq aramızda narazılıqlar yaranıb. Bu narazılıqlarla bağlı bir neçə dəfə Zərdab Rayon Polis Şöbəsində və rayon məhkəməsində işlərimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin noyabr-dekabr aylarında Zərdab Rayon Məhkəməsinin qərarı ilə ona məxsus olan 90 baş qoyun və yaşadığı ev müsadirə olunaraq Vüqara verilib: "Mən bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verdim. Apellyasiya məhkəməsi evi mənim mülkiyyətimdə saxlasa da, 90 baş qoyunun Vüqara verilməsi barədə rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra aramızdakı münasibət daha da pisləşdi".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Vüqarın qeyd etdiyi, yəni guya aralarında çöl sahəsində mübahisə olması, həmin mübahisə zamanı ona xəsarət yetirməsi, həmçinin onun əlindən telefonu alaraq qaçması tam şəkildə yalandır:

"Həmin gün saat 15-16 radələrində Zərdab rayonunun kənd ərazisində olmuşam. Həmin vaxt kənd sakini olan Sədi adlı şəxsin işlətdiyi ərzaq mağazasından alış-veriş etmişəm. Sonra isə yaşadığım ferma təsərrüfatına getmişəm. Ona görə də mənə ittiham olunan əmələ görə özümü təqsirli bilmirəm".

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüqarın sözlərinə görə, Zərdab rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır:

"Kənddə torpaq sahəm və həmin torpaq sahəsində fermam var. Fermada xırdabuynuzlu heyvan saxlayıram. Fermada Elmir çoban işləyir. Həmin fermanın yanında 30 hektar torpaq sahəsini icarəyə götürərək yonca əkmişəm. Torpaq sahəsinə yaxınlıqda həmkəndlim Sərdar qanunsuz olaraq qeyri-qanunu tikili tikərək orada yaşayıb. Dəfələrlə heyvanlarını torpaq sahəmə salaraq əkin sahəmdə otarıb, mənə ziyanlıq vurub. Sonuncu dəfə çobanım Elmir zəng edərək Sərdarın heyvanları gətirərək sahədə otardığını bildirdi. Mən dərhal həmin sahəyə getdim. Sahədə Sərdarın heyvanlarını otardığını gördüm. Bu vaxt ona "niyə mənim yerimdə heyvanlarını otarırsan, sənə demişəm ki, mənim sahəmdə heyvanlarımı otarma" dedim. Sərdar mənə "sənin torpaq sahən yoxdur, bələdiyyənin torapq sahəsidir, mən də heyvanlarımı otarıram" deyə cavab verdi. Mən cibimdən telefonumu çıxararaq Sərdarın heyvanlarını sahəmdə otarmasını videoya çəkdim. Bu zaman Sərdar üzərimə gələrək məni nalayiq söyüşlərlə söydü, təhqir etməyə başladı. Sərdarın oğlu da yanımız gəldi. Sərdarın oğlu gəldikdən sonra üzərimə gəldi, yaxamdan tutaraq məni yerə yıxmağa çalışdı. Telefonu sol əlim ilə tutaraq video çəkdiyim üçün sol qolumu əlimdən araladı.

Sərdarın oğlu sağ qolumdan tutaraq mənə güc tətbiq etməyə çalışdı. Sərdar isə telefonu əlimdən almağa çalışdı. Sərdar yumruqla sol gicgah nahiyəmdən vurdu. Telefonu vermədiyim üçün Sərdar sol əlimdən tutdu və sıxaraq telefonu əzməyə çalışdı. Telefonu Sərdar əlimdən alan zaman şüşəsi sol əlimin baş barmağının dırnaq tərəfindən və eləcə də sağ əlimin şəhadət barmağını kəsdi. Sərdar telefonu götürərək dərhal oradan uzaqlaşdı. Bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət etdim".

Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərdar 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO