İctimai fəal Bəxtiyar Hacıyev hərbi xidmətdə olarkən əlillik qazanan vətəndaş Cabbarov Laçın Nazim oğlunun əlilliyinin altı il sonra təyin olunması ilə bağlı paylaşım edib.
Bizim.Media-nın məlumatına görə, o, paylaşımında iddia edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul edilərkən 27 yaşlı gəncə əlilliyi ilə əlaqədar olaraq müavinət və sığorta haqqı veriləcəyi deyilib, amma bugünədək sözügedən imtiyazlar təmin olunmayıb.
Bəxtiyar Hacıyev qeyd edib ki, 27 yaşlı gənc buna görə intihar barədə də düşünüb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan dövləti Bəxtiyar Hacıyevə 12 min avro ödəyəcək
“Nazirliyin şöbə müdiri Elnur Abbasov həmin gənc vətəndaşa deyib ki, bu pozuntu Səlim Müslümovun vaxtında olub, buna görə məsuliyyət daşımırıq, get, Prezident Administrasiyası qarşısında etiraz elə”.
Məsələyə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov da reaksiya bildirib.
Hacıyevin paylaşımına şərh bildirən qurum rəsmisi bildirib ki, həmin şəxsin şikayəti əsassızdır:
“Çox təəssüf ki, qarşı tərəfin fikrini soruşmadan, birtərəfli məlumat paylaşmısınız. Cabbarov Laçın Nazim oğlunun şikayəti əsassızdır. O, 2018-ci ilədək dəfələrlə nazirliyə müraciət etsə də, problemi həll edilməyib.
Lakin 2018-ci ildə Sahil Babayev nazir təyin edildikdən sonra ilk qəbulunda Laçına haqqı olan 2-ci qrup əlillik təyin edilib. Buna görə aylıq sosial ödənişlərini alır, əlilliyi olan şəxslərin imtiyazlarından istifadə edir.
İndi isə vətəndaş 2018-ci ildən əvvəlki dövrdə ona əlillik təyin edilməməsinə baxmayaraq, o dövr üçün də pul ödənilməsini tələb edir.
Aprelin 20-də Pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasovun onlayn qəbulunda olanda bunun qeyri-qanuni olması onun diqqətinə çatdırılıb.
Təbii ki, görüşdə sizin yazdığınız kimi hansısa kinayəli məsləhətlər verilməyib. Bu, şikayətçinin uydurmasıdır”.
Bizim.Media