Azərbaycan Tibb Universitetində tələbələrin geyimi ilə bağlı irad bildirən müəllimin davranışı ciddi müzakirələrə səbəb olub. O, ətək geyinən qızların fotosunu çəkərək paylaşım edib və bu cür geyinənləri dərsinə buraxmayacağını bildirib. Müəllimin bu hərəkəti birmənalı qarşılanmayıb.
Demək olar ki, hər il bu cür söz-söhbətlər cəmiyyətin gündəmini zəbt edir. Fərqli dönəmlərdə universitetə şortik geyinən, qısa geyinən, fərqli saç rəngləri və formalarında gələn tələbələr qınanılıb. 2024-cü il olmasına baxmayaraq Azərbaycanda hələ də hər kəsin geyiminə xüsusi fikir verilir və iradlar tutulur. Əgər tələbələrin geyimi universitet rəhbərliyini, heyətini narahat edirsə, niyə “dress code” tətbiq etmirlər?
Bizim.Media Azərbaycan universitetləri arasında sorğu keçirib.
MÖVZU İLƏ BAĞLI:
Tələbənin mini "yubka"sı, yoxsa təhsilin vəziyyəti müzakirə olunmalıdır?
“Dress code” tətbiq edən universitetlər varmı?
Sorğumuza cavab verən universitetlərin cavablarından bəlli olur ki, “dress code” tətbiq edən universitetlər yoxdur. Amma buna baxmayaraq, tələbələrə geyimləri ilə bağlı “tövsiyə” xarakterli irad tutan universitetlər var.
Azərbaycan Memarlıq və İnşaat Universiteti:
“Bizim universitetimizdə tələbələrin geyimi ilə bağlı hər hansısa qadağa yoxdur. Amma müəllimlər, ictimai təşkilatlar tərəfindən, universitet rəhbərliyi tərəfindən lazım olan zaman tələbələrlə maarifləndirici söhbətlər aparılır. Təhsil müəssisəsi olduğu üçün təhsil haqqında qanununun tələblərinə uyğun olaraq universitetin daxili nizam-intizam qaydası var. Sevindirici haldır ki, bizim universitetimizdə belə bir problem yoxdur. Zaman-zaman tələbələrə geyimlə bağlı iradlar tutulanda, tövsiyələr ediləndə onlar bunu xoş qarşılayırlar”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti:
“Universitetimizin daxili nizamnaməsində təhsil alanların geyimi ilə bağlı xüsusi müddəa yoxdur. Universitet geyimlə bağlı xüsusi qadağa və ya göstəriş qoymur. Sadəcə universitet daxilində və universiteti təmsil etdikləri kənar yerlərdə tələbələrimiz nizam-intizamlı və səliqəli olmalıdırlar”.
Azərbaycan Dillər Universiteti:
ADU-da geyimlə bağlı hər hansı qadağa yoxdur.
Azərbaycan Dövlət İqtisad Univeristeti:
“Bizim universitetimizdə geyimlə bağlı qadağa yoxdur. Tələbələr geyimdə sərbəstdirlər. Necə istəyirlərsə, geyinib gələ bilərlər. Məncə, universitetlərdə “dress code” olmamalıdır”.
Nuray, Bizim.Media