Sosial şəbəkələrdə bir qrup gəncin Bakı Metrosunda qatara daxil olub mahnı ifa etdikləriylə bağlı müxtəlif videolar var. Videodakı sərnişinlərin isə ifaya heç bir reaksiya göstərməməsi müzakirələrə səbəb olub. Belə ki, vətənpərvərlik ruhunda ifa olunan musiqiyə insanların biganə yanaşmaları müxtəlif amillərlə izah olunub. Məsələn, kimisi iş rejiminin insanları yorduğunu, kimisi isə sosial şəbəkədə paylaşılmaq faktorunu səbəb kimi göstərir.
Bəs əslində necədir? Musiqinin beşiyi olan bir ölkənin vətəndaşları belə hallarda niyə reaksiya göstərmirlər?
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Üzeyir Hacıbəylinin bəstəsini oğurladılar – BƏYANAT
Məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən sosioloq Üzeyir Şəfiyev deyir ki, ictimai nəqliyyatda, xüsusilə qatarda bir qrup gəncin musiqi ifa etməsi cəmiyyətimiz üçün xarakterik hallar deyil:
“Həmçinin, bu gün sosial şəbəkə şəraitində insanlar nəyəsə reaksiya verdikdə lentə alınmağı, sosial mediada görüntülərinin paylaşılmasını istəmirlər. Buna görə də həmin sərnişinlər reaksiya göstərmirlər ki, adekvat şəkildə görünməsinlər. Bu insanların müxtəlif qayğıları, fikirləri, onların ruh hallarıyla bağlı ola bilər. Yəni, onların musiqiyə ruhsuz olduqları mənasına gəlmir. Çünki bilirik ki, bizim xalqımızın yaradıcılıq qabiliyyəti, ədəbiyyata, musiqiyə qarşı marağı var. Sadəcə onlar belə ifalara öyrəşməyiblər”.
Nəzrin Mirzəyeva, Bizim.Media