Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşa şəhərində davam edir.
Bizim.Media xəbər verir ki, sentyabrın 25-də məktəb iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Günel Yusifinin “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyə qlobal baxış” mövzusunda mühazirəsini dinləyiblər.
Məruzəçinin sözlərinə görə, Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir, amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb:
"Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar və sözün əsl mənasında birgəyaşayışın vəhdətini nümayiş etdirirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olublar. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.
Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir".
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir.
Oktyabrın 1-dək davam edəcək məktəbin iştirakçıları üçün Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyalar təşkil olunacaq.
Bizim.Media