Cəlilabadın Göytəpə qəsəbəsində yerləşən "Fərid" şadlıq evinə iki gəncin toy mərasiminə dəvət edilən qonaqlar toya bir neçə saat qalmış baş verən faciədən sarsılıblar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gəlini gətirən maşın karvanında ölümlə nəticələnən dəhşətli qəza səbəbindən toy ləğv edilib.
Belə ki, Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda Ağcabədidən Cəlilabad rayonuna gətirilən gəlin köçünü müşayiət edən "Vaz 21010" markalı minik maşını dönmə əməliyyatında sürətini azalda bilməyərək N.Mehtiyevin idarə etdiyi ağırtonnajlı "Man" yük nəqliyyat vasitəsinə çarpılıb.
Maşında olan beş nəfər Cəlilabad rayon sakini həlak olub. Şadlıq evinin administratoru Ramin İslamovun Bizim.Media-nın Cənub bürosuna verdiyi məlumata görə, toya 250-ə qədər qonaq dəvət edilibmiş:
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda toydan qayıdan maşın QƏZAYA UĞRADI - 5 nəfər həyatını itirdi - FOTO/VİDEO
"Toya az qalmış bu xəbər gəldi. Bəyin qohumları da toyun axırıncı hazırlıqları üçün burada idilər. Qəfil xəbərdən hamı özünü itirdi. Hələ bu vaxta qədər bütün xidməti personalımız qalıb toy üçün süfrələri, ərzaqları qoruyub saxlamışıq. Yəni, həlak olanların şokundan hələ yaxınları ayılmayıb.
Maşınlarla bir azdan bütün ləvazimatları toy sahiblərinə geri qaytaracağıq. Birinci dəfədir şadlıq evimiz belə hadisə ilə üzləşir. Allah rəhmət etsin".
Minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu və digər üç sərnişin, Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev toyu olacaq bəy Şövzəliyev Kamranın qohumları olaraq “gəlin gətirmə” mərasimində iştirak edirlərmiş. Həlak olan Xoşbəxt Hüseynova isə toyu yarımçıq qalan bəyin bacısı imiş.
Gecə saatlarında dəfn hazırlıqları üçün qəza qurbanları Cəlilabad məscidiə gətirilib. Həlak olanlardan üçü Göytəpə qəsəbə, digər ikisi isə yaşadıqları kənd məzarlığında dəfn ediləcək.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu