ABŞ-ın 29 ştatında COVİD-19 virusunun XEC adlanan yeni variantının yayılması dünyada bir sıra müzakirələrə səbəb olub. O cümlədən, ölkəmizdə də koronavirusun yeni variantlarının yayılacağı ilə bağlı proqnozlar verilir. Bəzi mütəxəssislər düşünürlər ki, ABŞ-da yenidən başlanan bu yoluxma hallarına qışda Azərbaycanda da rast gəlinəcək.
İnfeksionist Sadiqə Əliyeva Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ABŞ-ın 25 ştatında yayılan COVID-19-un yeni variantı amikron ailəsindən olan ştamdır. Bunun simptomları COVID-in digər variantında gördüyümüz kimi, əzələ ağrıları, yorğunluq, qızdırma, halsızlıq, burun axıntısı və öskürəyin olmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan bu virusu LOKALLAŞDIRA biləcək?
Müsahibimiz deyib ki, Azərbaycanda koronavirusun qışda yenidən sürətlə yayılacağını demək çətindir:
“Düzdür bu, ABŞ-da müşahidə olunur, ancaq buna əsasən, bizdə də olacağını demək olmaz. Əgər qonşu ölkələrdə sürətlə yayılarsa, bizə gəlmə ehtimalı yüksələr”.
Sadiqə Əliyeva ştamın yoluxuculuq qabiliyyətindən də danışıb:
“Bu, yeni ştam olduğu üçün yoluxuculuq qabiliyyətinin necə olması, insanlar arasında necə yayılacağı barədə proqnozlar yoxdur”.
Nəzrin Mirzəyeva, Bizim.Media