Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2, 320 və 233-cü maddələri ilə təqsirləndirilən şəxslər - Cəfərov Rəmiş Zəkrəm oğlu və Cəfərov Zəkrəm Əzizulla oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Rəmiş Cəfərov ilə hakim Leyla Əsgərova-Məmmədova arasında mübahisə düşüb.
Belə ki, Rəmiş Cəfərov müqavilə ilə olan vəkildən imtina etsə də, hakim bu imtinanı qəbul etmək istəməyib.
O, fikrini belə əsaslandırıb ki, vəkilin məhkəmədə iştirakına ancaq hakim xitam verə bilər. Onu da xatırladaq ki, bu prosesdə təqsirləndirilən şəxs Rəmiş Cəfərovun vəkili çıxış etməli idi. Həmçinin vəkil də müvəkkilindən imtina edib.
Hakim məhkəməni müvəqqəti olaraq təxirə salıb.
Qeyd edək ki, dövlət ittihamçısı Rəmiş Cəfərovun 8 il, atası Zəkrəm Cəfərovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihamda göstərilib ki, Rəmiş Cəfərov yük daşımalarında qanunsuzluqlara yol verərək külli miqdarda vəsaiti qeyri-qanuni şəkildə ələ keçirib.
Belə ki, o pomidor və limondan ibarət malın vaxtında və təhlükəsiz daşınmasını yerinə yetirməyərək biri Belarus vətəndaşı olmaqla, beş nəfərə qarşı ümumilikdə 100 min manat ziyan vurub.
Bundan başqa, Rəmiş Cəfərov 2022-ci ilin fevral ayının 17-də etiraz məqsədilə Bakının Heydər Əliyev prospektində süni tıxac yaradaraq nəqliyyatın hərəkətinə mane olub. Bütün bu əməllərə görə Rəmiş Cəfərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) maddələri ilə ittiham verilib.
Selcan Zaurqızı, Bizim.Media