Qaçaq yolla ölkəyə qızıl külçələr gətirən gömrük əməkdaşlarının MƏHKƏMƏSİ BAŞLADI

Qaçaq yolla ölkəyə qızıl külçələr gətirən gömrük əməkdaşlarının MƏHKƏMƏSİ BAŞLADI

Hazırda oxunan: Qaçaq yolla ölkəyə qızıl külçələr gətirən gömrük əməkdaşlarının MƏHKƏMƏSİ BAŞLADI

212784

Qaçaqmalçılıq yolu ilə qızıl külçələrini ölkəyə gətirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlunun məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı Elgin Qafarov çıxış edərək işin məhkəmə baxışına verilməsini təklif edib. 

Təqsirləndirilən şəxs İbrahimov Əlinin vəkili məhkəməyə vəsatət təqdim edərək müdafiə etdiyi daha əvvəl də əlilliyi müəyyən edilmiş şəxsin beynində ciddi problem olduğunu və xərçəng xəstəliyinə çevrilə biləcəyi ehtimalına görə haqqındakı "həbs qətimkan tədbiri"nin "polis nəzarəti altına verilmə" tədbirinə çevrilməsini xahiş edib.

Digər təqsirləndirilən şəxs Pərvin Dursunəlinin vəkili məhkəməyə vəsatət təqdim edərək onun barəsində "həbs qətimkan tədbiri"nin dəyişdirilib "ev dustaqlığı" verilməsini istəyib.
 

Mehdiyev Mənsurun vəkili isə müdafiə etdiyi şəxsin yenidoğulmuş uşağı olduğunu və ailəyə qazanc gətirən o olduğunu bildirib. O, əlavə edib ki  müdafiə etdiyi şəxs əməlini könüllü etiraf edib və istintaqda onun haqqında məlumat əldə edilməyib. Məhz bu səbəblərdən onun da haqqındakı "həbs qətimkan tədbiri"nin "ev dustaqlığına" dəyişdirilməsini xahiş edib.


Məhkəmə müşavirə təyin edərək verdiyi qərara əsasən, prosesə məhkəmə baxışı təyin edilib. Təqsirləndirilən şəxslər haqqında seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, təqdirləndirilən şəxslər bu ilin 8 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməkdə şübhəli biliniblər.

Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və Mənsur Mehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO