Sentyabrın 23-də Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü münasibətilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.
Müəllim və şagirdləri təbrik edən Emin Əmrullayev bu gün Qarabağda dərsə başlayan şagird və tələbələrimizin Azərbaycanın daha güclü dövlət kimi formalaşması üçün əllərindən gələni edəcəklərinə əminliyini bildirib.
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil müəssisələrinin inşasından danışan elm və təhsil naziri vurğulayıb ki, burada 50-dək təhsil müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Daha sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Əməkdar müəllim Asif Cahangirov çıxışlarında məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qızı Aynur Mirzəyeva, sözügedən məktəbin məzunu və müəllimi olmuş Telli Həşimova, Emelya Əliyeva çıxış ediblər və təəssüratlarını dilə gətiriblər.
Qeyd edək ki, 624 şagird yerlik Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 14 nəfərlik pedaqoji heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 40 nəfəri I sinif, 450-dən çoxu II-XI siniflər üzrə təhsil alacaq, 45 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.
Bizim.Media