Xəbər verdiyimiz kimi, noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirə hazırlıq prosesi davam edir. Konfransla bağlı ölkəyə gələcək çoxsaylı qonaqları nəzərə alaraq paytaxt yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Qonaqların rahatlığının təminatı üçün atılan addımlardan biri də yollarda çəkilən COP29 zolaqlarıdır.
Xatırladaq ki, paytaxtda həm avtobus, həm də velosipedlərin hərəkəti üçün ayrıca zolaq mövcuddur. Digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi müəyyən məbləğdə cərimə ilə nəticələnir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda COP29-la bağlı yeni zolaq salındı – VİDEO
İnsanları maraqlandıran məsələ yeni, COP29 zolağından istifadə qaydasıdır. Yəni bu zolaqdan kimlər istifadə edə bilər? Zolağa daxil olan avtomobilləri cərimə gözləyirmi və nə qədər?
Yaranan suallarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavabda bildirilib ki, qeyd edilən zolaqlarda hərəkətə nəzarətlə bağlı hər hansı göstəriş yoxdur və cərimə də tətbiq edilmir.
Günay Şahmar, Bizim.Media