"Məşədi Dadaş" məscidinin axunduna qarşı sui-qəsddə təqsirləndirilən ŞƏXS – “Vəhy gəldiyi üçün...”

"Məşədi Dadaş" məscidinin axunduna qarşı sui-qəsddə təqsirləndirilən ŞƏXS – “Vəhy gəldiyi üçün...”

Hazırda oxunan: "Məşədi Dadaş" məscidinin axunduna qarşı sui-qəsddə təqsirləndirilən ŞƏXS – “Vəhy gəldiyi üçün...”

211858

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media-nın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı - Son anda qarşısı alındı


Keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını oxuyub.

Təqsirləndirilən şəxs Elşən Hüseynov özünü təqsirli bilməyib:

"Hamısı mənə aydındır, amma özümü təqsirli bilmirəm. Əməlimdən peşman deyiləm".

Məhkəmə ona təqsirli bilindiyi halda 20 ilə qədər cəza təyin ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Daha sonra Elşən Hüseynova sərbəst ifadə verib:

"Mən 2023 cü ilin yay ayından məscidə gedirdim. Axund Şərbətov Əli ilə bir-iki dəfə görüşmək istəmişəm. Ona şəxsi sözüm olub. Lakin 3-5 dəqiqə danışa bilmişəm. İlk vaxtlar belə danışırdıq. Problem olmurdu. 

Bir-iki aydan sonra axundla görüşmək məqsədi ilə yenidən məscidə getdim. Məscidin təhlükəsizlik işçisi Rəsul Həsənli görüşə izin vermədi. Uzun müddət bəhanələrlə mənə maneə yaratdı".

Məhkəmə təqsirləndirilən şəxsdən axundla görüşmək istəyinin səbəbini soruşduqda o, Allahdan ona vəhy gəldiyini iddia edib:

"Mən zamanında Allahın əmri ilə imam təyin olunmuşam. Martın 15-i 2020-ci ildə gecə Allaha sığındığım zaman mənə göydən vəhy kimi səs gəldi. Deyildi ki, mənim bütün günahlarım bağışlanıb və imam təyin edilmişəm. Mənə rəhim olunub. Elə İmam Mehdi kimi. Mehdi özü də rəhim olunmuş demikdir". 

Elşən Hüseynov bildirib ki, məscidə getməyinin məqsədi özünü təqdim etmək olub:

"O səs mənə dedi ki, məscidə get özünü təqdim elə. Bundan daha öncə dini inancım tam olmamışdı. O səsdən sonra getməyə başlamışdım və özümlə bıçaq gəzdirmidim. Mənə insanları sağaltmaq və uzunömürlülük verilmişdi. Mən də istədim insanlar bundan xəbərdar olsun.

Dekabrın 27-si gedəndə Rəsulun qardaşı dedi ki, axund yoxdu, əlimi atdım qapıya açım baxam görüm düz deyir ya yalandan məni aldadır. Əlimdən vurdu və dikbaş davrandı. Mən də əsəbiləşib 3 gün sonra bıçaqla Rəsulun üstünə getdim. Mənim axundla işim olmayıb. Problemim Rəsulla olub".

Məhkəmənin iclası zərərçəkmiş şəxs iştirak etmədiyinə görə 8 oktyabr tarixinə təxirə salınıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO