Şagirdlər niyə repetitora ehtiyac duyur?
Bu sual dəfələrlə müzakirə olunub, gündəmə gətirilib. Bir çox şagird və mütəxəssisin cavabı isə bu olub ki, dövlət məktəbində təhsilin keyfiyyəti kifayət etmir.
Maraqlıdır ki, dövlət məktəblərində təhsil alan şagirdlər təhsilin keyfiyyətinin qənaətbəxş olmaması səbəbindən repetitor yanına gedir. Bəs təhsil səviyyəsi yüksək olduğu deyilən özəl məktəblərin şagirdlərin niyə repititora ehtiyacı yaranır?
Repetitor yanına getmək şagirdin biliyindən, yoxsa keçirilən imtahanların istənilən halda hazırlığa getməyə məcbur qoymasından asılıdır?
Bəlkə də “özəl məktəbdə təhsil üst səviyyədədir” kimi formalaşan fikirlər heç də düz deyil. Özəl və dövlət məktəblərinin tədris səviyyəsində elə də fərq yoxdur.
Bəs həqiqət necədir?
Övladı özəl məktəblərdən birində təhsil alan Günay Əliyeva (şərti ad) Bizim.Media-ya açıqlamasında bildirib ki, oğlu özəl məktəbin 5-ci sinifində təhsil alır, ancaq əlavə olaraq repetitor yanına da gedir.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlərin öz şagirdlərinə repetitorluq etməsinin qarşısı necə alınacaq? – Maraqlı AÇIQLAMA
“Övladımın təhsil aldığı məktəbdə tədris ingilis dilindədir. Oradakı dərslərdən əlavə olaraq repetitor yanında hazırlığa da gedir. Çünki özəl məktəbdəki təhsil kifayət etmir, buna görə də onu əlavə olaraq hazırlığa qoyduq ki dərsləri daha yaxşı qavrasın”.
Müsahibimiz özəl və dövlət məktəbinin arasında tədris səviyyəsinin o qədər də fərqlənmədiyini qeyd edib.
“Övladımızı özəl məktəbə qoymağımızın səbəbi gələcəkdə xaricdə təhsili üçün daha rahat şəraitin yaranmasını istəməyimizdir. Bundan əlavə, bu, dil biliyinin inkişafına da xeyir göstərir. Amma təhsilin səviyyəsi dövlət məktəbləri ilə eynidir”.
Təhsil eksperti Adil Vəliyev də özəl məktəblərdə oxuyan şagirdlərin kurs və hazırlıqlara müraciət etdiyini təsdiqləyib.
Dövlət və özəl təhsil müəssisələrində tədrisin keyfiyyəti eynilik daşıyırsa, o zaman özəl məktəbə getməyə nə ehtiyac var?
Ekspert bu suala cavab olaraq bildirib ki bu, sadəcə şagirdin gələcəkdə xaricdə təhsil almaq imkanının yaranmasına təsir edir:
“Özəl məktəbdə təhsil alan şagirdlərin böyük əksəriyyəti xaricdə təhsil almağa üstünlük verir. Buna görə də valideyn həm uşağın çevrəsinin fərqli olması, həm də gələcəkdə xaricdə təhsil almaq imkanının çox olması üçün özəl məktəbə müraciət edir. Çünki özəl məktəblərdə tədrisə dərslərdən əlavə, sosial fəaliyyətlər də əlavə olunur”.
Müsahibimiz deyib ki, valideyn övladı xaricdə təhsil almasa belə, yerli universitetlərə qəbul ola bilsin deyə onu repetitor yanına qoyur:
“Bilirik ki, özəl və dövlət məktəbləri arasında dərs proqramları tamamən fərqlidir. Nəticədə bir şagird həm özəl məktəbə gedir, sosial fəaliyyətlərlə məşğul olur, həm də dərsdən əlavə olaraq kurslara, hazırlıqlara göndərilir”, – deyə müsahib fikirlərini tamamlayıb.
Görünən odur ki, özəl və dövlət məktəblərinin tədris keyfiyyəti arasında o qədər də fərq yoxdur, nəticə etibarilə, hər iki məktəbin şagirdləri də repetitora ehtiyac duyur. İstər dövlət, istərsə də özəl məktəb proqramıyla DİM-in proqramındakı mövzular arasında da fərq yoxdur. Bu da valideyni övladını repetitor yanına göndərməyə məcbur edir.
Nəticə etibarilə bu, ölkədəki imtahan sistemi ilə dünya təcrübəsində keçirilən imtahanlar arasındakı fərqi bir daha ortaya qoyur.
Nəzrin Mirzəyeva, Bizim.Media