10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan 1 milyon təzminat TƏLƏB OLUNDU

10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan 1 milyon təzminat TƏLƏB OLUNDU

Hazırda oxunan: 10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan 1 milyon təzminat TƏLƏB OLUNDU

211185

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan etdikdə zərərçəkmişlərə dəymiş ziyanın 815 min 924 manat olduğunu elan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazim İbrahimovun qardaşı 10 nəfərin ölümünə görə HƏBS OLUNDU


O, müəssisənin dövlətə külli miqdarda olan vergi borcunu əlavə olaraq qeyd edib. Dövlət ittihamçısı eyni zamanda lazımi tədbirlərin görülməməsinin bu partlayışa səbəb olduğunu da xüsusi olaraq vurğulayıb və rəhbərləri təqsirli bilib.

Müttəhimlər Tağı İbrahimov və Toğrul Rzayev özlərini təqsirli bilməyiblər. Bu səbəbə görə, zərəçəkmişlərin dindirilmə prosesinə başlanılması təklif edilib. Təklif qəbul edildikdən sonra zərərçəkmişlərin dindirilməsi prosesinin icra olunmasına başlanılıb.

Məhkəmə öncə hadisə nəticəsində həyatını itirən zərərçəkmiş Adil Rüstəmovun atası və hüquqi varisi Aydın Rüstəmovu dinləyib. O, müvafiq qurumlara ərizə verdiyini və mülki iddia qaldırdığını vurğulayıb. Hüquqi varis müəssisədə usta işləyən oğlunun ölümünə görə maddi mənəvi ziyanın ödənilməsini tələb edib:

"Oğlum təqribi 7-8 aydır qeyri-rəsmi formada həmin müəssisədə usta işləyib. O, mənə kimlərlə işlədiyini deməmişdi. Sadəcə müdir Səyyar Əsgərovun sexində işlədiyini eşitmişəm. Onu da burada öyrənmişəm. Mən maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm. Oğlumun kədəri bizi çox incidib. Ondan geriyə bir yaşlı oğlu qalıb".

Məhkəmə ondan dəymiş ziyanın qarşılığında nə qədər məbləğ istədiyini soruşan zaman A.Rütəmov bir milyon manat təzminat tələb edib. Təqsirləndirilən şəxsin vəkili bu təzminatı zərəçəkmişi işə götürən müdiri Səyyar Əsgərovun ödəməli olduğunu bildirərək etiraz edib.

Hakim bu məsələyə mülki iddia qaldırıldıqdan sonra baxılacağını bildirib.

Növbəti iclas 3 oktyabr saat 14:30-a təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO