2003-cü ilin aprelində Astarada balaca Cəmil dünyaya gəldi. Atası Anar müəllimin əlindən tutub ilk dəfə 2 saylı şəhər məktəbinə aparan küçə ilə addımlayanda nə yaxınlarının, nə də orada yaşayanların ağlına belə gəlməzdi ki, məhz elə bu küçə 19 il sonra Cəmilin adını daşıyacaq. Şəhid Cəmil Qurbanzadə küçəsi!
“Cəmillə bağlı arzularım vardı...”
MÖVZU İLƏ BAĞLI:
Şəhid Cəmil Qurbanzadənin son görüntüləri YAYILDI - VİDEO
Cəmilin anası Rumiyyə xanım deyir ki, oğlu uşaqlıqda qorxu hissindən uzaq olub. Haqq bildiyi işdən geri çəkilməyib.
"Cəmillə bağlı arzularım vardı. Univeristeti bitirməsini istəyirdim. Cəmil iki bacının tək qardaşı idi. Hər bir ananın öz övladları ilə bağlı həmişə arzuları olur. Cəmillə bağlı arzularım yarım qaldı. Deyirdi nə vaxtsa şəhid olsam, dözümlü olarsan. Deyirdim necə dözəcəm? Cavab verirdi ki, digər şəhid anaları necə sən də elə... İndi arzum Cəmilin ayağı dəyib şəhid olduğu torpaqları görməkdir”.
“Ön sırada mən gedəcəyəm...”
Orta məktəb illərində Xocalıya aid şeirləri sakitliklə dinləyə bilməyən Cəmil ”Müharibə başlasa ön sırada mən gedəcəyəm, əsir torpaqların, şəhid Vətən övladlarının qisasını alacağam”- deyirmiş. 30 illik qisasın 44 günə alındığı Vətən müharibəsi başlayanda Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşmış Cəmil könüllü ərizə ilə Hərbi Səfərbərlik İdarəsinə gəlir. Deyir ki, məni düz ermənilərlə üz-üzə göndərin. Cəmilin qəti inadını görənlər onu dilə tuturlar ki, “hələ ehtiyac yoxdur, sən dərslərinə qayıt, lazım olan kimi çağıracağıq”.
Cəmilin uşaqlıq dostları onun ailəsini unutmurlar. Tez-tez Cəmilin ev-muzeyinə çevrilmiş otağını ziyarət edirlər. Elton Heydərov deyir ki, Cəmil uşaqlıqdan bizi erməni işğalçılarından qisasa hazırlayırdı:
"Biz bir yerdə böyümüşük. Dost deyil, qardaş idik. Həmişə ermənilərdən qisas almalı olduğumuzu deyirdi. Onda hələ biz orta məktəbdə oxuyurduq. Cəmilin şəhid olduğunu mən hərbi xidmətdə olanda eşitdim. Dünya gözümdə qaraldı. Sonra fikirləşdim ki, belə yerdə Cəmil mütləq mənə "başını dik tut" deyərdi. Çünki onun məqsədi bütün hallarda vətən üçün şəhid olmaq idi".
Yaralansa da, 11 saat düşmənlə üz-üzə döyüşdü...
44 günlük müharibədə aldıqları əbədi məğlubiyyət zərbəsini həzm edə bilməyən erməni millətçiliyi zaman-zaman yenə torpaqlarımıza xaincəsinə hücum edib öz xislətini göstərməyə çalışırdı. Cəmil isə qiyabi təhsil aldığı Azərbaycan Dövlət İdman Akademiyasından hərbiyə yola düşüb və artıq düşmənlə üz-üzə dayanmışdı. 2022-ci ilin 12 sentyabrı da tarixə məhz ermənilərin quldur hücumu kimi daxil oldu. Düşmənin çoxsaylı və qəfil hücumunu öz qanları ilə durduran qəhrəmanların içində Cəmil də vardı. Minamyotla ayağından yaralansa da, Laçın dağlarında 11 saat düşmənlə üz-üzə vuruşur. Hərbi xidmətini başa vurmağa 18 gün qalmış Cəmil öz adını şəhidlik tariximizə yazır.
“Həyətimizdə ağ rəngdə qəribə quş peyda oldu”
Atası Anar müəllim deyir ki, şəhid xəbəri gəlməzdən əvvəl həyətlərində ağ rəngli qəribə bir quş peyda olub.
"Buna fikir vermədim. İki gün həyətdə qaldı, şəhid xəbəri aldığımız saatlarda uçub getdi. Sonralar bütün kitabları axtardım, belə bir quş təsvirinə rast gəlmədim. Cəmillə xidmətdə olanda danışırdıq. Çox məsələni demirdi. Oğlum olduğu üçün demirəm, fərqli uşaq idi. Götürün bütün şəhidlərimizin həyatını oxuyun, hər biri sanki şəhidlik yolunu öz alınlarına yazmışdılar. Cəmil orta məktəbdə oxuyanda Mübarizdən, Pəncəlidən danışmaqdan yorulmurdu, deyirdim hələ tezdi, yaşın tamam olar Vətəni qoruyarsan".
Şəhidin otağından öz məzarı görünür...
Beləliklə bir vaxtlar başı üzərində dalğalandırdığı, sonradan hərbi geyimində ürəyinin başına sıxdığı üç rəngli bayraq onun şəhid tabutunu öz əbədi kölgəsində ana torpağın köksünə daşıyır. 30 mindən artıq insan Cəmilin şəhid tabutunu çiyinlərində gəzdirərək, azadlığı uğrunda mübarizə apardığı Vətən torpağna əmanət etdir və əbədi olaraq şəhidlik zirvəsinə ucalır...
"Cəmil evimizin yaxınlığındakı məzarlıqda dəfn edilib. Məzarı önündə indi yaşıl ağaclar var. Payızda yarpaqlar töküləndə, bilirsiniz nə olur, Cəmilin öz otağının pəncərəsindən həmin məzar aydınca görünür"- bunu anası Rumiyyə xanım deyir.
"Cəmilin şəhid olduğunu ilk eşidəndə də, onu torpağa tapşıranda da ağlamadım. Mənim üçün o, var, yaşayır və bir də torpaq kimi namusumuzu qoruyanlara bizimlə deyillər deyə bilmərik" -bunu isə atası Anar müəllim deyir.
Qeyd edək ki, qəhrəmanımızın göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bizim.Media-nın şəhidimizlə bağlı hazırladığı videosüjeti təqdim edirik:
Sabutay, Bizim.Media, Cənub bürosu