“Azərbaycan bir gündə 100-150 illik separatçılığın kökünü kəsdi” – Vətən müharibəsi iştirakçısı - FOTO

“Azərbaycan bir gündə 100-150 illik separatçılığın kökünü kəsdi” – Vətən müharibəsi iştirakçısı - FOTO

Hazırda oxunan: “Azərbaycan bir gündə 100-150 illik separatçılığın kökünü kəsdi” – Vətən müharibəsi iştirakçısı - FOTO

211041

Azərbaycan sadəcə bir günün ərzində 100-150 illik terrorizmin, separatçılığın kökünü qaşıdı, ona son qoydu.  Ötən ilin sentyabr ayında İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddiaların gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. 

Bizim.Media xəbər verir ki, həmin dövrdə Vətən müharibəsindən üç illik zaman keçsə də, Qarabağda kök salmış separatçı qondarma rejim və qanunsuz silahlı birləşməşlər təxribatlarına ara vermir, pozuculuq əməllərini davam etdirirdilər.

 Aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Qanunsuz əməllərin qarşısının alınması üçün “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməyə başladılar. Ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə yaranmış təhdid üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Nəhayət, sentyabrın 19-da Silahlı Qüvvələrimiz davamlı şəkildə törədilən təxribatlara cavab olaraq Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirdi.


Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı.

Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi. Beləliklə, sentyabrın 20-də 24 saatdan da az (23 saat 50 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Antiterror əməliyyatının 1-ci ildönümü münasibətilə açıqlamalar verən Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov bir sıra müham məqamlara toxunub. Vurğuladı ki, əməliyyat başlanan kimi Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi.

Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarıldı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurlar əldə etmiş və qısa zaman ərzində düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi. 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edildi, separatizmin kökü kəsildi.

Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması mümkün oldu, ölkəmizin suverenliyi tam təmin edilməklə bütün ölkə ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu. A.Eyvazov cəmi bir gün ərzində 406 kv.km. ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmənin 310 nəfəri zərərsizləşdirildi, 614 nəfər yaralı ələ keçirildi. Həmçinin, vurğulanıb ki, 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü.


Vətən müharibəsi iştirakçısı, Şuşa fatehi, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə uğurlu birgünlük antiterror əməliyyatının tarixi önəmi barədə “Şərq”ə danışıb. Qazi ilə söhbətə keçməzdən öncə qısaca qeyd edək ki, Bəhruz Məmmədzadə 2003-2021-ci Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub. 

44 günlük Vətən Müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib və Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib.

2021-ci ildən ehtiyatda olan hərbi qulluqçu eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. B.Məmmədzadə qəzetimizə açıqlamasında vurğulayıb ki, Vətən müharibəsindən sonra Ermənistan rəsmən məğlubiyyətini qəbul etdi və kapitulyasiya sənədinə imza atdı.

Ermənistan tərəfi üzərinə müəyyən öhdəliklər götürdü və üçtərəfli sazişə əsasən, silahlıları qüvvələrini Qarabağdan çıxaracağına söz verdi:

“Ancaq zaman keçdikcə aydın oldu ki, keçmiş separatçı xunta rejimi xarici ölkələrdən, xüsusən Fransadan dəstək alaraq öz çirkin əməllərini ara-sıra həyata keçirməyə çalışır. Bu cür təxribatların nəticəsi olaraq hərbçilərimiz şəhid edilir, mülki vətəndaşlarımız qətlə yetirilirdi, yaxud ciddi xəsarətlər alırdılar. Sonuncu dəfə, sentyabrın 19-da mülki vətəndaşlarımız və onları xilas etməyə çalışan polis əməkdaşlarımız terrora məruz qaldılar. Nəticədə Azərbaycan Ordusu Qarabağda, yəni öz ərazisində heç 24 saat çəkməyən lokal tipli anti-terror əməliyyat icra etdi. Bu əməliyyatlarda Ordumuzun yüksək peşəkarlığı bir daha ortaya çıxdı. Dünya da gördü ki, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda necə antiterror tədbirləri reallaşdırdı. Ermənistan tərəfinin özü də heç nüans tapa bilmədi ki, Bakını ittiham etsin, dünyaya car çəksin ki, guya Azərbaycan tərəfi mülki erməniləri tələf edib və s. Azərbaycan Ordusu lokal tipli əməliyyatı elə peşəkarlıqla icra etdi ki, mülki obyektlərə və insanlara kiçik zərər belə toxunmadı. Yüksək dəqiq zərbələrlə düşmənin hərbi obyektləri vuruldu. Hətta xunta rejimi öz hərbçilərini qorumaq üçün mülki obyektlərə, maşınlara doldururdular. Düşünürdülər ki, onlar vurularsa, bunu dünyaya “mülki şəxslərin hədəf alınması” kimi təqdim edəcəklər. Hər baxımdan çox uğurlu əməliyyat oldu, torpaqlarımız üzərində suverenliyimiz tam bərpa edildi. Qarabağda ermənilərin qalmasına belə şərait yaradıldı, halbuki, onların arasında terrorizmə açıq dəstək verənlər çox idi. Yaxşı bilirdirlər ki, hər birinin əməli araşdırılacaq və cəzalarını çəkəcəklər. Ona görə də torpaqlarımızı könüllü surətdə tərk etdilər. Baxmayaraq ki, Azərbaycan onlara hər cür şəraitin yaradılacağının sözünü vermişdi”.

Bəhruz Məmmədzadə vurğulayıb ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub, qan tökülməsini heç vaxt istəməyib:

Ancaq elə bir coğrafiyada yaşayırıq ki, Ermənistan bizə qarşı təxribatlardan əl çəkmir. Bugün də şərti sərhədlərdə atəşkəsi pozurlar. Bu, bir daha göstərir ki, erməni ordusunda İrəvan hökumətinə tabe olmayan, xarici dairələrə bağlı silahlı qüvvələr qalmaqdadır. Ancaq əmin olsunlar ki, Azərbaycan Ordusu bütün təxribatların layiqli cavabını verəcək. Onu qeyd edim ki, dünya ölkələri terrorizmlə mübarizə aparsalar da, yaxud apardıqlarını bəyan etsələr də, bunun həlli yolunu tapa bilmirlər, ortada real nəticə yoxdur. Fransa kimi ölkələr Azərbaycanı ona görə qısqanır ki, Azərbaycan sadəcə bir günün ərzində 100-150 illik terrorizmin, separatçılığın kökünü qaşıdı, ona son qoydu. Bütün dünya da bunun şahidi oldu. Azərbaycan əyani göstərdi ki, terrorizmlə mübarizəni necə aparmaq lazımdır. Torpaqlarımızda separatçılıq, terrorçuluq, xunta rejimi yoxdur və olmayacaq. Artıq öz torpaqlarımızda bizim insanlarımız yaşayırlar, quruculuq-bərpa işləri davam edir, ora normal həyat qayıdıb. Vətəndaşlarımız öz yurdlarında əmin-amanlıq içində yaşayır, işləyirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO