Bir neçə ilə əvvəl Bakı şəhərində onlarla taksi dayanacağı vardı. Lakin Bakı Nəqliyyat Agentliyi o zaman həmin taksi dayanacaqlarını ləğv etdi. Ötən 7-8 ildə isə yeni taksi dayanacaqlarının yaradılacağı barədə anonslar verilsə də, heç bir nəticə hasil olmayıb.
Halbuki, taksi parkının yenilənməsi barədə hökumətin müəyyən etdiyi yeni qaydalar 1 iyuldan qüvvəyə minib. Lakin yeni qaydalar tətbiq edilsə də, əsas məsələlərdən biri – taksi dayanacağı problem olaraq qalır.
Problem nə vaxt həllini tapacaq?
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslər taksi fəaliyyəti göstərə bilməyəcək - VİDEO
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi dayanacaqları ilə bağlı ciddi problemlər var:
“Bu gün taksilər səyyar xidmət göstərir. Heç bir rəsmi taksi dayanacağı yoxdur. Bu da insanlarda haqlı narazılıq yaradır. Vətəndaşlar məcbur olub onlayn taksi xidmətindən istifadə edir. Bu da əlavə pul və vaxt itkisidir. Meqapolisə çevrilməkdə olan Bakı üçün taksi dayanacaqlarının olmaması başa düşülən deyil. Deyək ki, sakinlər reallıqları bilir və vəziyyətdən çıxış yolu tapır. Bəs, turistlər nə etsin? Onlar taksi tapmaq üçün nə etməlidir? Harada dayanmalıdır ki, rahat taksi tapsın?”
Müsahibimiz onu da əlavə edib ki, bir neçə gündən sonra paytaxtımızda Formula-1 yarışları başlayır:
“Bununla əlaqədar bir sıra küçə və prospektlərdə ictimai hərəkət məhdudlaşdırılır. Əvvəlki illərdə yarışların keçirildiyi ərazilərdə xüsusi taksi dayanacaqları təşkil edilirdi ki, azarkeşlər rahat şəkildə hərəkət etsin. Bu il isə bu sahədə heç bir yenilik yoxdur. Halbuki, bir müddət əvvəl AYNA yeni taksi dayanacaqlarının yaradılacağı barədə anons verdi. Lakin ötən müddət ərzində heç bir hərəkətlilik olmadı.
Ona görə də bu problemin ən qısa zamanda həll ediləcəyini gözləyirik. Çünki 2 aydan sonra Bakı daha bir möhtəşəm tədbirə COP29-a ev sahibliyi edəcək. O zaman şəhərə gələcək onminlərlə qonaq daha çox taksi xidmətindən yararlanmağa çalışacaq. Bəs, onda qonaqların bu ehtiyacları necə ödəniləcək? Düşünürəm ki, bu problem ən qısa zamanda öz həllini tapmalıdır”.
Mövzu ilə bağlı AYNA-ya sorğu göndərdik.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media