Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndindən keçən hissəsində ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Ərmənət kənd sakini 37 yaşlı Əyyub Əyyubovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobil ilə Yaqublu kənd sakini 35 yaşlı Tutan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə yerinin ilkin müayinəsi və şahidlərin sözlərinə görə, qəzaya “Mersedes”in sürücüsünün ötmə qaydalarına riayət etməməsi səbəb olub. Belə ki, Tufan Lətifov idarə etdiyi avtomobillə “VAZ 2107”-nin qarşısına çıxıb.
Nəticədə hər iki avtomobilin sürücüləri eyni zamanda “Mercedes”in sürücüsü Tufan Lətifovun avtomobildə olan 3 ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daha sonra həkimlərin tövsiyyəsi ilə yaralılar Təcili Tibbi Yardım bridadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
“VAZ-2107”nın sürücüsü Əyyub Əyyubov Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən həyatını itirib. Digər yaralıların isə həyatı təhlükəsi aradan qaldırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu