Bakı-Sumqayıt yolunun tıxaclı günləri YAXINLAŞIR – Çözüm nədir? – ARAŞDIRMA

Bakı-Sumqayıt yolunun tıxaclı günləri YAXINLAŞIR – Çözüm nədir? – ARAŞDIRMA

Hazırda oxunan: Bakı-Sumqayıt yolunun tıxaclı günləri YAXINLAŞIR – Çözüm nədir? – ARAŞDIRMA

210126

Yeni tədris ili özü ilə yeni qayğılar gətirir. Həmin qayğılardan biri də paytaxtda yaranacaq tıxaclardır. Yay aylarına nisbətin tədris müddətində tıxaclar daha çox olur. Xüsusilə də, ətraf ərazilərdən Bakıya gələnlər bu problem ciddi şəkildə yaşayırlar. Bəzən saatlarla tıxacda qalanlar olur. Həmin tıxacların ən çox yaşandığı ərazi isə təbii ki, Bakı-Sumqayıt yoludur

Bakıya- mənzil başına vaxtında gəlmək Sumqayıt-Bakı marşrutu ilə hərəkət edənlərin hazırda ən böyük qayğısıdır. Tədris dövründə minlərlə insan yarım saatlıq yolu 1.5-2 saat getmək məcburiyyətində qalır. Görünən odur ki, bu problemin həlli yaxın zamanlar üçün mümkün görünmür. Çünki bu məsələ ilə bağlı müvafiq qurumların mövqeyi anlaşılan deyil. 

Sumqayıtdan Bakıya hərəkət edən avtobuslara fərqli yanaşma
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıta gedən “manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı - VİDEO


Bir zamanlar Sumqayıtdan Bakıya bir neçə ünvandan davamlı avtobus marşrutları vardı. Əgər əvvəllər Sumqayıtın köhnə və yeni avtovağzallarından, 10-cu və 6-cı mikrorayonlardan Bakıya birbaşa avtobus marşrutları varıydısa, hazırda ancaq bir istiqamətdən- Sumqayıt Avtovağzalından Bakıya avtobus marşrutu mövcuddur. Bundan başqa, Əvvəllər Sumqayıt istiqamətində Bakıdan bir neçə avtobus marşrutları vardı. 90-cı illərdə hətta şəhərin mərkəzindən- keçmiş “Spartak” stadionunun qarşısından Sumqayıta avtobuslar işləyirdi. Bundan başqa, 20 yanvar dairəsindən və “Şamaxinka” deyilən ərazidən Sumqayıt istiqamətinə avtobus marşrutları vardı. 

Lakin son illərdə həm Sumqayıtdan, həm də Bakıdan çıxan alternativ marşrutların hamısı ləğv olundu. Hazırda Bakıdan Sumqayıta və əks istiqamətə hərəkət edən sərnişinlər yalnız Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki Nəqliyyat Mübadilə Mərkəzindən və Sumqayıt avtovağzalından istifadə etmək məcburiyyətindədirlər. Bu da o deməkdir ki, bu marşrut üzrə hərəkət edən sərnişinlər mənzil başına çatmaq üçün ən azı 3-4 marşrut dəyişməlidirlər. Amma əvvəllər seçim daha çox idi. 

Sumqayıtdan gələn avtobusların paytaxta buraxılmaması əlavə problemlər yaradır. 

Belə ki, sərnişinlər uzun və üzücü bir yol qət etmək məcburiyyətində qalırlar. Ona görə də əksər sərnişinlər çıxış yolunu “manatlıq taksi”də görürlər. Lakin son günlər AYNA-ın Bakıdan Sumqayıta gedən “manatlıq taksi”lərə qarşı başladığı mübarizə tədbiri vəziyyəti daha da gərginləşdirib.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, istənilən layihənin iqtisadi əsaslandırılması olmalıdır:

“İqtisadi əsaslandırılması olmayan layihə uğursuzluğa məhkumdur. Ona görə də AYNA-nın bir çox yanaşmaları rentabellikdən uzaqdır. Hazırda Sumqayıtdan Bakıya hərəkət edən avtobuslar şəhərə buraxılmır. Bu da onunla əsaslandırılır ki, şəhərlərarası daşımalar avtovağzaldan-avtovağzala prinsipi ilə həyata keçirilir. 

Əgər elədirsə, Xırdalan şəhərindən çıxan avtobuslar niyə Bakının içərilərinə qədər buraxılır?! Deməli, bu məsələdə başqa maraqlar var”. 

Müsahibimiz bunun üçün imkanların olduğunu da dilə gətirib:

“Hazırda “20 yanvar”  dairəsinin aşağısındakı “köhnə avtovağzal” ərazisi istifadəsiz qalıb. Əgər Bakı-Sumqayıt marşrutu bu ünvana qədər uzadılsa və yol boyu “avtobus zolağı” çəkilsə, əminliklə deyirəm ki, həm Bakının nəqliyyat yükü xeyli azalar, həm də daşımaların iqtisadi səmərəsi artar. Hazırda AYNA hər kəsi məcbur edir ki, Sumqayıta getmək üçün Avtovağzal kompleksinə getsin. Amma inzibati yolla iqtisadi səmərə əldə etmək olmaz. Sərnişinlərə əlçatan və operativ xidmət təklif olunmalıdır. Yalnız bu zaman sərnişin məmnunluğu yaranar. Sərnişin məmnunluğu isə iqtisadi səmərə yaradır. Ona görə də Sumqayıtdan gələn avtobusların “20 yanvar dairəsi”nə buraxılması zərurətdir”.

Bəs, avtovağzaldan avtovağzala prinsipi ilə işləyən “BakuBus” Bakı-Sumqayıt marşrutunun rentabelliyindən nə qədər məmnundur?

Mövzu ilə bağlı sözügedən şirkətə sorğu ünvanladıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO