Azərbaycan xalqı ötən yüzillikdə dəfələrlə milli zəmində soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalıb. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb.
XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib.
Tarixə nəzər salsaq görərik ki, ermənilər XX yüzillik ərzində bir neçə dəfə fərqli bəhanələrlə qərbi azərbaycanlıları öz doğma yurdlarından didərgin salıblar.
Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Heydər Əliyevin ümumi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi.
Bununla bağlı Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi:
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”.
Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxdı. Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı.
Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimizlə yanaşı, ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür. Qərbi Azərbaycan İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir.
Həqiqət budur ki, Qərbi Azərbaycan İcmasının varlığı Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycanı unutmamasını şərtləndirir. Çünki gün gələcək biz o torpaqlara qayıdacağıq. Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində tarixi ədalət bərqərar olur. 2022-ci ilin dekabr aynın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə də Prezidentimiz bir sıra hədəfləri açıqlamışdır.
Bildirilib ki, ötən əsrdə baş verənlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcmasının bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacağına isə inam böyükdür. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir.
Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə reallaşdırma yolunu bizə göstərəcəklər.
Cənab Prezidentimizin də bildirdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.
Qərbi Azərbaycan İcması az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barədə qəbul edilmiş konsepsiya – Qayıdış Konsepsiyası mühüm yer tutur.
Belə ki, bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir.
Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. İcmanın dünyanın bir sıra nüfuzlu təşkilatlarına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, bununla bağlı monitorinqlərin aparılmasına çağırması bu istiqamətdə atılan uğurlu addımlardandır.
Qeyd edək ki, qarşıya qoyulmuş bu vəzifələr istiqamətində bu günədək xeyli işlər görülərək Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə çatıdılmışdır.
Əfsuslar olsun ki, Ermənistan və erməni revanşist qüvvələr zaman zaman heç bir həqiqəti özündə əks etdirməyən, absurd fikirlərlə “bəyanatlar” verməyə davam edirlər. Bundan əlavə onlar bu istiqamətdə beyənəlxaq aləmədə müraciət etməkdən çəkinmir və öz “yalan”ları ilə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları aldatmağa belə cəhd edirlər.
Cari ilin sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar verməklə Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış” kimi heç bir həqiqəti özündə əks etdirməyən fikirlər irəli sürmüşdür.
Bununla bağlı olaraq da, sentyabrın 3-də Qərbi Azərbaycan İcması haqlı olaraq “Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danması ilə əlaqədar” bəyanat verdi. Bəyanatda erməni revanşist qüvvələrin irəli sürdükləri açıq təxribat xarakterli açıqlamalar pislənilir.
Bəyanatda qeyd olunmuşdur ki:
“Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış etmişdir. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir.
Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış”komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”.
Göründüyü kimi, Ermənistan və onun revanşist qüvvələri irəli sürdükləri həqiqəti özündə əks etdirməyən çağırışları Qərbi Azərbaycan həqiqətlərini heç zaman kölgədə qoya bilməyəcək. Çünki Azərbaycan haqlı tərəf olmaqla, öz haqq səsini daim dünyanın bir çox nüfuzlu platformalarında ucaltmışdır.
Son olaraq qeyd edək ki, revanşist qüvvələr əgər təxribat xarakterli əməllərindən əl çəkməsələr onlar “Dəmir Yumruq”la qarşılaşacaqlar. Bu isə onların tamamilə məhv olması ilə nəticələnəcəkdir.
Azərbaycan Respublikasının Azərbaycan vətəndaşı olaraq qalmaq üzrə təkidlərinə baxmayaraq etnik erməni qrupun Azərbaycandan getməsi tam könüllü olmuş və BMT Missiyası da bunu təsdiqləyib. Azərbaycan Respublikasının prezidentinin də qeyd etdiyi vətəndaşlıq şərtləri dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır, hər hansı bir "qrup" tələbi deyil. Azərbaycan dövlətinin konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur!
Bizim.Media