Bakıda dəhşətli qətl: “Anamı söydü, bacılarım haqqında isə...” - TƏFƏRRÜAT

Bakıda dəhşətli qətl: “Anamı söydü, bacılarım haqqında isə...” - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda dəhşətli qətl: “Anamı söydü, bacılarım haqqında isə...” - TƏFƏRRÜAT

209832

Bakının Xəzər rayonunda 1971-ci il təvəllüdlü Bəhriş Fərəcov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1967-ci il təvəllüdlü Vidadi Əliyevi qətlə yetirib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, qətl hadisəsi 13 noyabr 2023-cü ildə, saat təxminən 18 radələrində baş verib. 

Bəhriş 66 saylı uşaq bağçasının qarşısında yerləşən çardaq ərazidə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra öldürmək niyyəti ilə üzərində olan bıçaqla Vidadiyə zərbələr endirib. Vidadi aldığı zərbələrdən vəfat edib. 

Bundan başqa, istintaq sənədlərində müəyyən edilib ki, təqsirləndirilən şəxsin üzərində 0,456 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Hadisəni törədən Bəhrişin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhriş ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli, elan olunmuş digər ittihamla - həmin Məcəllənin 234.1-ci maddəsi ilə isə təqsirli bilməyib. O, ifadəsində göstərib ki, əvvəllər məhkumluq həyatı yaşayıb: “2023-cü ilin yaz aylarında Ukrayna Respublikasından Azərbaycana qayıtdım.
 

Bakıda ailə üzvlərim ilə birlikdə yaşamışam. Rəsmi olaraq heç bir yerdə işləməmişəm, fəhləlik edərək günəmuzd çörək pulu qazanmışam.


Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olduğum zaman polis əməkdaşları məni saxlayaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə apardılar.

Orada polis əməkdaşı məndən şikayətlərin olmasını, ona görə də narkotik vasitə ilə tutulmalı olmağımı dedi. Əvvəl razışmaq istəməsəm də, sonradan razılaşmağa məcbur oldum. Mənə verilən narkotik vasitəni götürdüm, çəkiliş zamanı təqdim etdim. Sonuncu dəfə narkotik vasitə olan metadondan Ukraynada olarkən istifadə etmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Vidadi ilə Binə qəsəbəsində hadisədən təxminən 10-15 gün əvvəl tanış olub:

“Vidadi yaxınlaşaraq imkanı varsa, yemək almağımı xahiş etdi. Həmin vaxt Vidadiyə bir az pendir, bir az kolbasa, 250 qram araq alaraq verdim. Vidadi aldığım ərzaqları 66 saylı uşaq bağçasının qarşısında yerləşən skamyaların üzərinə qoyaraq yeməyə başladı. Lakin həmin vaxt Vidadi ilə çörək yemədim. Bundan sonra bizim tanışlığımız başladı. Təsadüfən Vidadi ilə Binə qəsəbəsində, yaşadığım ərazidə görüşəndə bir yerdə spirtli içki qəbul etmişəm. Vidadinin ailəsi ilə bağlı heç bir məlumatım olmayıb. Lakin Vidadinin Azərbaycanın cənub bölgəsindən olduğunu özü mənə deyib. Vidadi ilə əvvəllər aramızda heç vaxt mübahisə, münaqişə, düşmənçilik və ya ədavət olmayıb”. 

Bəhrişin ifadəsinə görə, 13 noyabr 2023-cü ildə, saat təxminən 19 radələrində Binə qəsəbəsində gəzişib, 66 saylı uşaq bağçasının qarşısına çatdıqda orada yerləşən skamyada Vidadinin oturduğunu görüb:

“Vidadiyə yaxınlaşıb salamlaşdım. Vidadinin spirtli içki qəbul etdiyini və sərxoş vəziyyətdə olduğunu gördüm. Özüm də həmin vaxtv sərxoş vəziyyətdə olmuşam. Vidadi ilə oturub biraz söhbətləşdim. Söhbət əsnasında Vidadi mənimlə nalayiq formada danışmağa başladı.  Bu vaxt Vidadiyə niyə bu formada danışdığımı və gicləməməsini dedim. Lakin Vidadi daha sonra anamı söydü. Bu vaxt  Vidadiyə “eybi yox mənim anam, sənin anan, anam həccə gedib, buna görə səni bağışlayıram” dedim.
 

Bu sözdən sonra Vidadi daha da qızışaraq “əə vapşe sənin bacını da belə-belə eliyərəm” dedi. Bu sözdən sonra artıq özümdən çıxdım və Vidadi ilə əlbəyaxa oldum. Çünki mənim dörd bacım olub, hamısı ailə qurublar. Əlbəyaxa olan zaman Vidadiyə gücümün çatmayacağını gördüm və skamyanın üzərində olan bıçağı götürərək Vidadiyə vurmağa başladım. Həmin vaxt Vidadi əlimdən bıçağı aldı.


Vidadinin bıçağı aldığını görərək şalvarımın sol tərəf belində olan bıçağı çıxardım və Vidadiyə vurdum. Zərbələrinin Vidadinin hansı nahiyələrinə dəydiyi yadımda qalmayıb. Sonuncu zərbədən sonra Vidadi yerə yıxıldı. Vidadinin mənə müqavimət göstərmədiyini gördükdə onun başının üzərində dayanaraq kəlmeyi-şəhadətini oxudum. Vidadiyə “məni də bədbəxt etdin, özünü də” deyərək təcili tibbi yardımın və polis əməkdaşlarının gəlməsini gözlədim. Kimlərin təcili tibbi yardıma və polis əməkdaşlarına məlumat verdiyini bilməmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Vidadi ilə əlbəyaxa olan vaxt ətrafda heç kəs olmayıb, lakin hadisədən sonra insanların onlar tərəfə yığışdığını görüb:

“Heç bir şey etməyib gözləmişəm. Təcili tibbi yardım gələnə qədər əlim ilə Vidadinin xəsarət aldığı yerdən tutaraq qan itirməməsi üçün köməklik göstərməyə çalışmışam. Lakin bunun faydası olmayıb. Daha sonra polis əməkdaşları gəldikdə törətdiyim əməli etiraf edərək təslim oldum. Polis əməkdaşları məni şöbəyə apardılar. Polis şöbəsində olan vaxt sağ əlimin baş barmağının üst hissəsində kəsik izinin olduğunu gördüm. Həmin xəsarəti Vidadi ilə əlbəyaxa olan zaman aldığımı, hadisənin istiliyindən həmin vaxt heç bir şey hiss etmədiyimi bildirdim.

Vidadi ilə əlbəyaxa olan zaman Vidadi mənə müqavimət göstərib  və üz nahiyəmə bir neçə yumruq zərbəsi vurub. Aldığım xəsarətlərlə bağlı şikayətim olmayıb. Mənim Vidadini öldürmək məqsədim olmayıb. Mənim üzərimdə iki ədəd deyil, bir ədəd bıçaq olub.  Ona neçə zərbə vurduğumu tam xatırlaya bilməmişəm. Lakin xatırladığım qədərilə 3-4 zərbə vurmuşam. Vidadini öldürmək niyyətim olmayıb. Hazırda törətdiyim əməldən peşmanam”. 

İş üzrə zərərçəkmiş Vidadinin hüquqi vatisi qismində ifadə verən oğlunun sözlərinə görə, təqsirləndirilən şəxsi əvvəllər tanınmayıb, zərərçəkmiş Vidadi atası olub:

“Atam ilə anam təxminən 1987-1988-ci illərdə ailə həyatı qurum. Həmin nikahdan mən və bacım dünyaya gəlib. Atam özü orta təhsilli insan olub, fərdi əməklə məşğul olub. Atam ilə anam təxminən 2011-2012-ci illərdə rəsmi olaraq boşanıblar. Boşanmaya səbəb ailə-məişət söhbətləri olub. Atam ilə anam boşandıqdan sonra atam təxminən 5-6 il onlarla bir evdə yaşamışıq.
 

Sonradan atam spirtli içkiyə qurşandı. Mən atamın həmin vəziyyətdən çıxararaq müalicə etdirmişəm. Müalicədən sonra Binə qəsəbəsində kirayə ev tutub atamın orada yaşamasına şərait yaratmışam. Əmilərim və bibilərimin Binə qəsəbəsində yaşadığından düşünmüşəm ki, atam öz qardaşlarının və bacılarının yanında özündə məsuliyyət hiss edər və spirtli içki aludəçiliyi etməz. Sonradan atam başqa evə köçdü, fərdi əməklə məşğul olaraq özünü dolandırdı.


Atam daha sonra Binə qəsəbəsindən torpaq sahəsi alaraq özünə ev tikib orada yaşamağa başladı. Son bir ildə atam yenidən spirtli içki içməyə başladı. Bu hərəkətlərdən sonra atam ilə aramızda münasibətlər soyuqlaşmağa başladı. Artıq hiss etdim ki, atam məni özündən kənarlaşdırmaq istəyir. Atamın belə hərəkətlərindən sonra ondan soyumağa başladım. Demək olar ki, 2-3 aydan bir atam ilə görüşmüşəm”. 

Hüquqi varis qeyd edib ki, 13 noyabr 2023-cü ildə, axşam saat 18-19 radələrində Binə qəsəbəsində yaşayan qohumları ona zəng edərək atasının yaşadığı evin yaxınlığında yerləşən ərazidə bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü deyiblər:

“Mən hadisədən xəbər tutduqdan sonra Xəzər rayon ekspertiza şöbəsinə getdim. Atamın meyiti daxili müayinə olunduqdan sonra dəfn üçün bizə təhvil verildi. Sonrakı günlərdə atamın Binə qəsəbəsində tüfeyli həyat tərzi keçirən tanımadığım şəxslə, yəni Bəhriş Fərəcovla tanışlıq qurduğunu, həmin şəxslə aralarında yaranan mübahisə zamanı Bəhrişin atama bıçaqla xəsarət yetirərək öldürdüyünü öyrəndim. Lakin mübahisənin hansı səbəbdən baş verdiyi barədə məlumatım olmayıb. Atam içki içsə də, tüfeyilli həyat sürməyib”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhriş Fərəcov 12 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO