Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Kamal Hüseynli “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Ekspress”-də direktor müavini vəzifəsinə təyinat alıb.
Bizim.Media xəbər verir ki, ADY sədrinin əmri ilə həyata keçirilən bu təyinat gənc və perspektivli kadrların irəli çəkilməsinə verilən əhəmiyyəti bir daha nümayiş etdirir.
Kamal Hüseynli 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb, bu il isə həyata keçirilmiş sayca dördüncü müsabiqədə qalib adına layiq görülüb.
O, 2012-2014-cü illərdə Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində İsveçrənin Beynəlxalq Cenevrə Universitetində maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2016-2017-ci illərdə isə Kamal Hüseynli Barselona Muxtar Universitetində beynəlxalq biznesin idarəolunması üzrə magistr təhsili alaraq universiteti uğurla başa vurub. Hazırda isə o, Böyük Britaniyanın York Universitetində “Azərbaycanın neft iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidi” mövzusunda PhD dərəcəsi üzrə təhsilini davam etdirir.
Bizim.Media