Hamilə qadınlara XƏBƏRDARLIQ – Yeni doğulan körpənin bu testdən keçməsi VACİBDİR

Hamilə qadınlara XƏBƏRDARLIQ – Yeni doğulan körpənin bu testdən keçməsi VACİBDİR

Hazırda oxunan: Hamilə qadınlara XƏBƏRDARLIQ – Yeni doğulan körpənin bu testdən keçməsi VACİBDİR

208837

Yeni doğulmuş körpələrdə inkişaf qüsurlarını, müxtəlif xəstəlikləri erkən aşkarlamaq üçün onların dabanından qan alınaraq analiz aparılır. “Daban testi” (topuq), həm də “neonatal skrininq” adlanan testlə fenilketonuriya, mukovissidoz, qalaktozemiya və digər, 30-dan çox qüsuru öyrənmək mümkündür.

Bəs ölkəmizdə bu test aparılırmı? Xəstəlik aşkarlanarsa, sonrakı mərhələdə hansı addımlar atılır?
 

MÖVZU İLƏ BAĞLI:

Demokrafik PARTLAYIŞ – Azərbaycanda doğulan körpələrin sayı niyə sürətlə AZALIR? 


Mövzu barədə Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, daban testi irsi-genetik xəstəliklərin olmasını müəyyən edir:

“Daban testi çox vacibdir. Bizdə bu test 5-6 xəstəliyi müəyyən etmək üçün götürülür. Bunlar irsi-genetik xəstəliklərdir. İndi əqli inkişaf geriliyi həddindən artıq çoxalıb, əksəriyyət də bunu autizmlə əlaqələndirir. Mənsə 5 uşaqdan 4-nü autizm adlandırmağı düzgün hesab etmirəm. Təcrübə göstərir ki, uşaqlara düzgün yanaşılmır. Qan azlığı, fiziki inkişafda problemlər, tez-tez rast gəlinən pnevmaniyalar, mədə-bağırsaq sistemindəki problemlər, bunlar vaxtında aşkar olunsa, əlbəttə ki, bunun mütləq qarşısını almaq olur. 

Elə nəsil var, nəsillikcə əqli problemləri var. Qohum evliliklərinə qarşı çıxanda qan qohumu ilə evlənənlər uşaqlarının sağlam olduğunu əsas gətirərək buna qarşı çıxırlar. İndi sən burda təbabətin üstünə gedirsən ki, bu, düzgün deyil. Bəs həmin nəsil niyə o gündədir?”

Həkim qeyd edib ki, bəzi genetik xəstəliklərə müdaxilə mümkün deyil:

“Genetik analizlərin arealı böyükdür. Genetik xəstəliklərə biz heç nə edə bilmirik, çünki təbiət elə yaradıb. Amma daban testinin altına düşən xəstəliklərə təbabət kömək edir, tam sağalmasa da əlil qalmır, özünü idarə edə, təhsil ala bilir və s. İrsi-genetik xəstəliklərlə bağlı əhaliyə çox geniş məlumat verilməlidir. Qanunvericilyə əsasən, daban testi dövlət tibb müəssisələrində də aparılmalıdır. Valideynlərə çağırış edirəm ki, mütləq bunu tələb edin və xəstəliklər varsa, o xəstəliklərə mütəxəssis məşğul olur”.

Bəs “daban testi” və ya yenidoğulmuşların skrininqi dövlət xəstəxanalarında aparılırmı? İcbari tibbi sığorta hesabına edilir? Əgər icbari tibbi sığorta qarşılamırsa, daban testinin qiyməti nə qədər müəyyənləşdirilib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda quruma tabe olan doğuşayardım tibb müəssisələrində körpələrdən daban testi götürülür:

“Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 550 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyində olan tibb müəssisələrində yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədilə neonatal müayinələrin (skrininqlərin) aparılması ilə əlaqədar əmr imzalanıb. 

Əmrə əsasən, ən çox rast gəlinən 5 irsi (fenilketonuriya, qalaktozemiya, mukovissidoz (kistik fibroz), anadangəlmə hipotireoz, adrenogenital sindrom) xəstəliyin erkən aşkarlanması məqsədilə TƏBİB tabeli doğuşayardım tibb müəssisələrində bütün yenidoğulmuşlarda biokimyəvi skrininqin aparılması icra edilir”.

Qurumun məlumatında qeyd olunub ki, topuq testi ödənişsiz olaraq aparılır:

“Doğum evlərində götürülən nümunələr hazırda laborator müayinə üçün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir. Yaxın müddətdə analizator cihazı TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən birində quraşdırılacaq. 

Topuq testi nümunələrinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz həyata keçirilir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO