Ötən gün sosial şəbəkələrdə daha bir sürücü özbaşnalığının şahidi olduq. Bu dəfə “aftoş”luq edən avtobus sürücüsü idi. Yayılan videodan aydın şəkildə görünür ki, 133 saylı marşrut xəttində işləyən avtobusun sürücüsü əks yola çıxaraq təhlükəli manevrlər edib, sərnişinlər və digər yol iştirakçıların həyatı üçün ciddi təhlükə yaradıb.
Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun əməkdaşı Rüstəm Əhmədli Bizim.Media-ya bildirib ki, baş verən qayda pozuntusuna görə artıq müvafiq tədbir görülüb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda avtobus sürücüsü əks yola çıxdı - VİDEO
“26 avqust 2024-cü il tarixdə “Karsan Atak” markalı “99-JZ-259” dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Mehdiyev Asəf Məzahir oğlu Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesində YHHQ-nun 69 maddəsinin tələbini pozaraq 1.3 üfiqi nişanlanma xəttinin tələbini pozaraq tam olaraq qarşıdan hərəkət edən nəqliyyat vasitələrinin qarşısına çıxaraq hərəkət edib. Bu qayda pozuntusuna görə sürücü Asəf Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinin tələbinə uyğun olaraq 150 manat cərimə və 4 balla qiymətləndirilərək cəzalandırılıb”.
Məsələ ilə bağlı avtobusun mənsub olduğu “Çinartrans” şirkəti ilə də əlaqə saxladıq. Şirkətdən bildirildi ki, hadisə avqustun 26-da axşam saatlarında baş verib:
“Şəhər istiqamətində hərəkət edərkən sürücü özünü pis hiss edib. Yolda tıxac olduğu üçün sürücü mənzil başına tez çatmaq üçün əks yola çıxıb. Xoşbəxtlikdən heç bir qəza baş verməyib. Bununla belə tərəfimizdən sürücü cəzalandırılıb. Ona töhmət verilib və 150 manat cərimələnib”.
Surxay Atakişiyev, Bizim.Media