“Ən böyük arzusu doğma yurdu Zəngilana qayıtmaq idi” - Nəsiman Yaqublu tələbələrinin xatirələrində...

“Ən böyük arzusu doğma yurdu Zəngilana qayıtmaq idi” - Nəsiman Yaqublu tələbələrinin xatirələrində...

Hazırda oxunan: “Ən böyük arzusu doğma yurdu Zəngilana qayıtmaq idi” - Nəsiman Yaqublu tələbələrinin xatirələrində...

208501

Xəbər verdiyimiz kimi, tarixçi alim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü professor Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonunun Quycaq kəndi ərazisindəki yol qəzasında vəfat edib.

Ömrünü Məhəmməd Əmin Rəsulzadəyə, Azərbaycan Cümhuriyyəti barədə tədqiqatlara, Jurnalistikaya, tarixə həsr edən professorun ölümü həm media aləmində, həm də tələbələri arasında böyük kədərə səbəb olub.  

Qeyd edək ki, o, 1993-cü ildən bəri müəllim kimi çalışdığı Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində öz fəaliyyətiylə, ədalətiylə tələbələrinin sevgisini qazanan müəllim idi

Ölümündən sonra məşhur elm xadimləri, jurnalistlərlə yanaşı, alimin tələbələri də onunla bağlı xatirələrini bölüşüblər.

Neçə-neçə böyük ideyaları reallaşdıracaq cızma-qaraları qaldı...

Mərhumun tələbələrindən biri, Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri jurnalist Vəfa Aslan deyir ki, Nəsiman müəllim dünyanı qarış-qarış gəzərək tariximizi təbliğ edib:

“Yazı masanızın üstü indi ürəyinizdə gəzdirdiyiniz hələ neçə-neçə böyük ideyaları reallaşdıracaq cızma-qaralarınızla dolu qaldı”.


O bildirib ki, Nəsiman müəllim çox ciddi, dərslərinə, araşdırmalarına, fəaliyyətinə qarşı həddindən artıq məsuliyyətli alim idi:


“Mən ilk ali təhsil illərimdə ondan dərs aldım, o ciddiliyi ilə yanaşı, çox ürəyiyumuşaq idi, istəməzdi ki, tələbəsi ondan narazı qalsın, nədənsə incisin. Eyni zamanda çox dəqiq və dürüst insan kimi tanınırdı. Gördüyü işlərdə çalışırdı ki, fərqli maraqlara xidmət etməsin, onun işi xalqına, millətinin gələcəyinə xidmət etmək idi”. 

“Tələbələrinin gözündə yorğunluq hiss etsə, 5 dəqiqə fasilə verirdi”

Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin IV kurs tələbəsi Həcər Əmiraslanlı Bizim.Media-ya açıqlamasında bildirir ki, Nəsiman Yaqublu vətəninə, xalqına, istiqlalına eləcə də, tələbələrinə ürəkdən bağlı bir insan idi:

“Onun ölümü təkcə media aləmi üçün yox, cəmiyyətimiz, bütün Rəsulzadəsevərlər üçün böyük itki oldu. 

O heç bir dərsini yarım qoymazdı. 90 dəqiqəlik mühazirənin hər bir dəqiqəsini tələbələrinə həsr edər, onlara yeni məlumatlar vermək, dərsi maraqlı etmək üçün əlindən nə gəlsə, edərdi. Tənəffüs sonu isə “Yoldaşlar, kitablar burdadır ha, kimlər istəyirsə, gəlib nəzər salsın”- deyərdi. Əgər tələbələrinin gözündə yorğunluq hiss etsə, 5 dəqiqə belə olsa, mütləq fasilə verirdi. Haqqın, ədalətin təmsilçisi idi. 

Keçən il 8 Mart ərəfəsində mənə özünün yeni nəşr olunan “Şuşa Ziyalıları-Unudulmuş İrs” kitabını hədiyyə etdi. Lakin kitabın təqdimatında iştirak edə bilmədiyim üçün çox məyus idim. Həmin gün mühazirədə dedi ki, “Yoldaşlar inciməyin, bundan sonra keçirilən ilk təqdimatda mütləq sizə də məlumat verəcəyəm”. 


Sərt görünüşlü olsa da, tələbələrinin üzünü güldürmək, onlara əlindən gələn dəstəyi göstərmək, faydalı məlumatlar aşılamaq üçün nə lazımsa, edirdi.

Ömrünü vətəninə, xalqına, tariximizə həsr etsə də, ən böyük arzusu doğma vətəni Zəngilana yenidən qayıtmaq idi. Bu yol uğruna ömrünü fəda edən müəllimimiz canını da fəda etdi.
Nəsiman Yaqublunun tələbəsi olmaq mənim üçün bir qürurdur. Ruhunuz şad olsun, əziz müəllimim”, - deyə Həcər Əmiraslanlı qeyd edib. 

“Bir dəfə belə ədalətsiz qiymət yazdığını görmədim”

IV kurs tələbəsi Hamar Quluzadə də Nəsiman Yaqublunu ədalətli və məsuliyyətli müəllim kimi xatırlayır.

“Nəsiman müəllim bizə Azərbaycan Jurnalistika Tarixi fənninin “Mühacirət  dövrü” hissəsini keçirdi. Onun  dərsləri həmişə səhər ilk saatlara salınsa da, dərsə gecikdiyinə heç vaxt şahid olmadıq. Hər dərs əlində böyük bir paket dolusu kitabıyla gəlib bizi məlumatlandırırdı. Rəsulzadəyə olan sevgisi hər kəsə məlum idi, o çox ədalətli idi, bir dəfə belə ədalətsiz qiymət yazdığını görmədim. 

Bizi sadəcə mühazirələrlə kifayətləndirmirdi, hətta bir dəfə hamımızdan “Əsrimizin Siyavuşu” əsərini oxumağımızı tələb etdi. O istəyirdi ki, biz hər şeyi daha yaxşı öyrənək, bilək”. 

Qeyd edək ki, Nəsiman Yaqubluyla bu gün vida mərasimi keçirilib və mərhumun nəşi  Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO